Gənc badmintonçulardan ibarət yığmamız Şimalı Kiprdə 2-ci yer tutub

15 yaşadək gənc badmintonçulardan ibarət millimiz Şimalı Kipr Türk Respublikasında keçirilən beynəlxalq turnirdə 2-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, Girnə şəhərində yəşkil olunan yarışda bizimkilər Türkiyə, Gürcüstan, Makedoniya və Şimalı Kiprin 1-ci və 2-ci komandaları ilə qarşılaşıb. Komandamız məqşqçi Ceyhun Əlizadənin rəhbərliyi ilə 6 idmançı təmsil edib: Nigar Əliyeva, Nazənin Əvesta, Negin Əvesta, Adəm Əliyev, Asiman Məsiyev və Vaqif Səfərzadə.

Yarışın nəticələrinə əsasən, Azərbaycan yığması Gürcüstan (3:2), Makedoniya (4:1), Şimalı Kiprin birinci (5:0) və ikinci (5:0) komandaları üzərində qələbə qazanıb, yalnız Türkiyə komandasına 0:5 hesabı ilə məğlub olaraq, turnirin gümüş mükafatçısı olub.

“Turnir haqqında ümumi olaraq danışsaq, komandamız bütün yarışboyu yüksək nəticələr əldə edərək irəliləyirdi. Yarış çox maraqlı keçdi və təcrübə baxımından bizim üçün olduqca önəmli idi. Turnirin bu qədər yaxşı nəticələnməsi sevindirici bir haldır. Hazırda idmançılarımız dekabrın 19-22-də İstanbulda keçiriləcək yarışa hazırlaşırlar”, – deyə millimizin baş məşqçisi Ceyhun Məmmədəliyev bildirib.