“Gələcəyin ulduzları” üçün təlim

Avtomobil federasiyası və Bakı Şəhər Halqası əməliyyat şirkəti Azərbaycan qran-prisində sürücüləri müşayiət edəcək uşaqlar- “Gələcəyin ulduzları” layihəsinin iştirakılarına təlim keçirib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAF-ın ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirdiyi layihələr barədə, yol təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda, Formula1 dünya çempionatı və bu çempionatda mübarizə aparan pilotlardan, ən yüksək sürətli şəhər treki olaraq BŞH-nin digər fərqləndirici xüsusiyyətlərindən də söhbət açılıb.

Sonra Azərbaycan mükafat yarışının açılışı çərçivəsində kubokun təqdimatında və himn mərasimində pilotları müşayiət edəcək azyaşlılar bu tədbirlərdəki rolları, həmçinin pilotlar barədə məlumatlandırılıb. Mərasimdən sonra pilotları müşayiət edən uşaqlar vaildeynləri ilə birlikdə tribunada yarışı izləməyə dəvət ediləcəklər və onların bulvar boyunca uzanan əyləncə zonasında əylənmək imkanları olacaq.

Xatırladaq ki, “Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində 2018-ci ildən etibarən himn mərasimində pilotları azyaşlılar müşayiət edir. Bu təşəbbüsdə əsas məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini Formula1 azarkeşləri, xüsusən də azyaşlılar üçün daha maraqlı etmək və onlar arasında avtomobil idmanına maraq yaratmaqdır.

Sözügedən təşəbbüsü ölkəmizdə AAF ilə BŞH birgə həyata keçirir və bu təşəbbüs azyaşlılara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.

“Gələcəyin ulduzları” AAF tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilir. Builki yarışda 10-u qız və 10-u oğlan olmaqla ümumilikdə 20 azyaşlının iştirakı nəzərdə tutulur.

Həmin kateqoriyadan