Gəncədə uşaq futbolunda çalışan məşqçilərlə görüş

Gəncə şəhər stadionunda “Kəpəz”in aşağı qrupları üzrə komandalarında və şəhərin idman məktəblərində çalışan məşqçilərlə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, klubun idarə heyətinin sədr müavini İslam Abbasov və əsas komandanın baş məşqçisi Yunis Hüseynovla görüşə 20-yə yaxın mütəxəssis qatılıb. Tədbirin keçirilməsində məqsəd Gəncənin uşaq futbolundakı mövcud vəziyyəti müzakirə etmək olub. Çatışmazlıqlardan danışılıb, vəziyyətdən çıxış yolu istiqamətində görülə biləcək işlərdən bəhs edilib.

O, çıxışında “Kəpəz” klubuna yerli istedadlı, bacarıqlı uşaqları qazandırmağın vacibliyindən danışıb. Uşaq futbolundakı problemlərdən xəbərdar olduğunu söyləyən Abbasov çatışmazlıqların yavaş-yavaş aradan qaldırılacağını bildirib. O, bu sahənin inkişafı üçün birgə fəaliyyətin səmərəliliyindən bəhs edərək məşqçilərin təkliflərini eşitməyə hazır olduqlarını deyib.

Futbol oynamağa Gəncədə başladığını xatırladan Yunis Hüseynov isə yerli potensialı yaxşı bildiyini, “Kəpəz”in gəncəli futbolçularla ad çıxarıb, uğurlar qazandığını söyləyib. Sitat: “Yerli uşaqlar həmişə “Kəpəz”də çoxluq təşkil ediblər. Amma bu gün klubun əsas komandasında iki yerli oyunçunun olması bizi narahat etməyə bilməz. Futbolçu yetişdirən uşaq futbolunda çalışan məşqçilərdi. Başa düşürük ki, şərait vacibdi, o da olacaq. Sadəcə, vaxt lazımdı. Sizin yetişdirdiyiniz uşaqların kənarda yox, Gəncədə, “Kəpəz”də oynaması vacibdi”.

Görüşdə çıxış edən qocaman məşqçilərdən Yaşar Əsədov, Şahin Nəcəfi, Əvəz Mustafayev və digərləri mövcud vəziyyətlə bağlı fikirlərini bölüşərək inkişaf üçün ilk növbədə şəraitin vacib olduğunu vurğulayıblar. Çətinliklərdən qorxmadıqlarını, bundan sonra da klub üçün ehtiyat qüvvə hazırlamağa hazır olduqlarını açıqlayıblar. Klubla idman məktəblərində çalışan məşqçilər arasında əlaqələrin vacibliyi vurğulanıb və bunun ümumi işə də müsbət təsir edəcəyi qeyd olunub.

Həmin kateqoriyadan