Gənc yunan-Roma güləşçilər də Urmiyada 4-cü olub – AGF-in bu xəbəri gizlətməyin səbəbi bizdə

28-30 noyabrda İranın Urmiya şəhərində gənc sərbəst və yunan-Roma güləşçilər arasında «Şəhidlər kuboku» (Martyrs Cup) keçirilib. Həmin yarışda hər 2 komandamız iştirak edib. Bu barədə AGF-in rəsmi xəbərçisi – awf.az məlumat yayıb. Güləş federasiyasının bilgisində, tək «sərbəstlər»in nəticəsi yazılıb: 4-cü yer. Bəs «klassiklər»inki hanı? Allsport.az saytının araşdırmasında bəlli olub ki, bu yığmamız da 4-cü yeri tutub. Sadəcə, yunan-Roma güləşçilərimiz tək ev sahibləri deyil, ermənilərə də uduzduğundan, bu xəbər ictimaiyyətə çatdırılmayıb. Açığı, müxtəlif tədbirlərdə üzdəniraqlar üzərində qazanılan qələbəni ilk şişirdən elə AGF olub. İdmanı siyasətə qatmaq düzgün deyil.

Onsuz da, bizimkilər, adətən, işğalçı ölkənin güləşçilərini üstələyirlər. Arada kiçik məğlubiyyəti faciəyə çevirməməli, bunun səbəbi araşdırılmalı və növbəti belə sınaqlarda düşmənin kürəyi bir daha yerə vurulmalıdır. Açığı, federasiyada məlum maliyyə böhranı üzündən yaranan eniş son zamanlar özünə daha qabarıq şəkildə göstərməyə başlayıb. Dərəcəsindən asılı olmayaraq, uzun illər boyu yollandığı bütün səfərlərdən medalla dönən güləş komandalarımız, artıq şəxsi və komanda mübərizəsində mükafatsız qalmağa başlayıblar. Almatı və Urmiya səsliyi buna əyani subutdur. Qeyd edək ki, hər 2 komandamız ötən il Qumda keçirilmiş eyni yarışda 5-ci yer tutmuşdu.

Həmin kateqoriyadan