Gənclər Mayamidə bir medal qazandılar

Cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı çıxışları milli komandadakı baş məşqçi dəyişikliyindən sonra ümidverici heç nə vəd etmir. Allsport.az saytı xəbər verir ki, dünya çempionatında uğursuzluq, bu yaxınlarda cüdoçularımızın bir nəfərlə təmsil olunduğu Daşkənd qran-pirisindən sonra, dünya çempionumuz Elxan Məmmədovun ilk üçlükdə yerini qazaxıstanlı Maksim Rakova verməsi fikrimizi təsdiq edir. Daşkənddə təkcə Mahir Cəfərli ilə (66 kq) təmisil olunmağımız və onun da ilk görüşdə məğlub olması yığmada işlərin qaydasında olmadığından xəbər verir. Nəzərə alaq ki, Daşkənd turniri olimpiya oyunlarına lisenziya xalları verirdi.

Cüdomuzun ehtiyat qüvvəsi isə nəyə qadir olduğunu oktyabrın 22-də gənclərin Mayamidə keçirilən dünya çempionatında göstərdi. Bu yarışda komandamızın heyəti Nankində yeniyetmələrin 2-ci olimpiadasının finalçısı Natiq Qurbanlı, Sadıx Məhərrəmli (hər ikisi – 55 kq), Davud Məmmədov, Mehman Sadıxov (60 kq), Rəşad Rufullayev və Telman Vəliyev (66 kq), Hüseyn Rəhimli və Fəqan Quluzadə (73 kq), Firudin Dadaşov (90 kq), Yeniyetmə oyunlarının gümüş mükafatçısı Leyla Əliyeva (44 kq) iştirak ediblər.

Yarışların birinci günü Natiq Qurbanlı Qazaxıstan nümayəndəsinə qalib gəldikdən sonra, rusiyalı Həmzat Zaurbekova məğlub olub. Beləliklə, Yeniyetmə oyunlarının gümüş mükafatçısı mübarizədən kənar qalıb. Həmin gün Sadıq Məhərrəmov özbək Rəhimcan Sübhanova məğlub olub. 60 kq çəki dərəcəsində Davud Məmmədov ilk iki görüşdə qazandığı qələbə ilə dörddəbir finala çıxıb. Burada yaponiyalı Koxeyi Xayaşiyə məğlub olaraq, təsəlliverici görüşü gözləməli olub.

Təsəlliverici görüşlərin birincisində qalib gələn cüdoçumuz, bürünc medal uğrunda mübarizəni uduzub. Həmin çəkidə çıxış edən Mehman Sadıxov, komanda yoldaşından fərqli olaraq, bürünc medalı əldən verməyib. O da macar Akos Bart, gürcü İvani Cavaxişvili və özbək Qafur Aktomov üzərində iki qələbədən sonra, dörddəbir finalda monqol cüdoçusuna məğlub olub. İdmançımız təsəlliverici görüşlərdə Əlcəzair və Yaponiya cüdoçularına qalib gələrək, bürünc medal sahibi olub. Bu, komandamızın Mayamidə qazandığı yeganə medaldır.

Bürünc medalın bir addımlığında daha bir cüdoçumuz büdrəyib. Hüseyn Rəhimli məğlub olaraq, 5-ci yeri tutub. Ağır çəkili cüdoçumuz Firudin Dadaşov da dörddəbir finala kimi gəlib çıxıb, amma təsəlliverici görüşləri alınmayıb. O, dünya çempionatını 7-ci yerdə başa vurub.

Beləliklə, Mehman Sadıxovun bürünc medalı, Davud Məmmədovun və Hüseyn Rəhimlinin 5-ci yerləri, Firudin Dadaşovun 7-ci olması komandamıza ümumi hesabda 19-cu olmaq imkanı verib. Cüdoçularımız
Özbəkistan, İsrail, Portuqaliya, Polşa, Ekvador, İsveç yığmalarını geridə qoyublar.

 

Həmin kateqoriyadan