“Giannis Satsiası sonadək nəzarətdə saxlaya bilmədik”

Gənclər liqasının çempionlar yolunun ilk mərhələsinin cavab oyununda “Qəbələ” evdə APOEL-ə (Kipr) 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov bunu deyib:

“Oyunu istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik. Hücum futbolu oynamaq istəyirdik. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Bilirdik ki, APOEL təhlükəli rəqibdir. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq fürsətləri olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik.

Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasın oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu.

Komandamızı mübarizə apardığı, istəkli olduğu üçün təbrik edirəm. Bu futboldur. Biz hər şeyə – qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdir”.

Həmin kateqoriyadan