«Gömrükçü» 1 qızıl, 3 gümüş və 1 bürünc medalla 1-ci oldu

Aprelin 23-24-də «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) birgə təşkilatçılığı ilə «Gömrükçü» İdman Klubunun açıq çempionatı keçirildi. Allsport.az saytı  xəbər verir ki, boldrinq və sürət növləri üzrə təşkil edilən yarışda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) mübarizə apardı. Çempionatda «Gömrükçü» İK, «Qafqaz» DİK, «Ekosport»İK, FHN İSK, «Ameast»İK, Salavat İK (Qusar), «Kyanite» İK, Şəki-A.M.A, «Gənclik» İdman Klubunun idmançıları qüvvələrini sınadılar.

Yarışın açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev, DGK İSM «Gömrükçü»İK-nın direktoru Ramil Məmmədov iştirak edirdilər. Komandalar arenaya daxil olduqdan sonra FAİREX-in vitse-prezidenti Arzu Mustafayev çıxış edərək yarışın əhəmiyyətindən söz açdı. O, çempionatın təşkilində əsas məqsədin idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaq olduğunu qeyd etdi. A.Mustafayev idmançılara uğurlar arzuladı.

“Gömrükçü” idman klubunun direktoru R.Məmmədov yarış iştirakçılarına Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki

Xəzər İsayevin salamlarını çatdırdı. O, qeyd etdi ki, müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması qürurverici haldır: “Azərbaycanın sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayanması ilə fəxr edirik. Müxtəlif çempionatlar, açıq birinciliklər və bir sıra əhəmiyyətli idman tədbirlərinin təşkili mərkəzin iş planında ənənəvi olaraq yer alıb. Bu gün keçirdiyimiz açıq çempionat da qeyd olunan silsilə tədbirlərin uğurlu davamıdır”. O, yarış iştirakçılarına qələbələr arzuladı.

Dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan edildi. Gərgin mübarizə şəraitində keçirilən yarışın yekununda qaliblər müəyyənləşdi. Sürət üzrə kişilər arasında keçirilən yarışlarda Çingiz Tağızadə («Gömrükçü»İK) hamıdan sürətli olduğunu sübuta yetirərək qızıl medala layiq görüldü. «Gömrükçü»İK-nın digər idmançısı Fərid Şahbazov ikinci pillədə qərarlaşdı. Rinat Rəhimxanov üçüncü («Qafqaz»İK) oldu. Qadınlar arasında bu növ üzrə keçirilən yarışlarda Reyhan Məmmədova («Ekosort» İK) qızıl medal əldə etdi. Leyla Əhmədova («Qafqaz» İK) və Sima Səfərova (FHN İSK) müvafiq olaraq gümüş və bürünc medallara layiq görüldülər.

Boldrinq üzrə kişilər arasında keçirilən yarışlarda Rinat Rəhimxanov («Qafqaz» İK) çempion adını qazandı. Fərid Şahbazov və Çingiz Tağızadə (hər ikisi «Gömrükçü»İK) gümüş və bürünc medallara layiq görüldülər. Bu növ üzrə qadınlar arasında təşkil edilən yarışda Sima Səfərova (FHN İSK) birinci pillədə qərarlaşdı. Aysel Sultanova

(«Gömrükçü»İK) gümüş medala sahib çıxdı. Reyhan Məmmədova («Ekosport»İK) bürünc medal qazandı.

Ümümi hesabda «Gömrükçü»İK-nın komandası 1 qızıl, 3 gümüş, 1 bürünc medalla birinci pillədə qərarlaşdı. «Qafqaz»İK 1 qızıl 1 gümüş, 1 bürünc medalla ikinci oldu. «Ekosport»İK 1 qızıl, 1 bürünc medalla üçüncü yeri tutdu. Mükafat qazanan idmançılar DGK İSM «Gömrükçü» İK tərəfindən qiymətli hədiyyələr, diplom və medallarla təltif olundular. Yarışda fərqlənmiş hakim və idmançılara da diplomlar təqdim olundu. «Gömrükçü»İK-nın təmsilçisi Çingiz Tağızadəyə yarışın «ən sürətli idmançı»sı, «Ekosport» İdman Klubunun üzvü Zöhrab Şahbalayevə isə yarışın «ən texnikalı idmançı»sı nominasiyasında diplomlar təqdim edildi. «Şəki A.M.A» klubunun üzvü Müşfiq Səmədov yarışın «ən yaxşı hakimi» adına layiq görüldü.

Həmin kateqoriyadan