Güləş federasiyasının rəhbərliyi Firdovsi Umudovu sıxışdırmağa başlayıb

Məlum olduğu kimi, noyabrın 12-də Güləş Olimpiya Mərkəzində federasiya rəhbərliyi ilə milli komandaların görüşü olub. Toplantıda çıxış edən AGF-in prezident əvəzi Namiq Əliyev sərt danışıb: «Qazaxıstan paytaxtı Astanada keçiriləcək dünya çempionatı çox vacib yarışdır. Orada uğurlu çıxış etməliyik. Çox az vaxt qalıb. Səhvlərin üzərində işləmək lazımdır. Məşqçilər nöqsanları təhlil etməlidir. Bir idmançı eyni rəqibə bir neçə dəfə uduzursa, buna aydınlıq gətirmək lazımdır. Bütün güləşçilərə normal şərait yaradılıb. Abdulrəşid Sadullayev ötən il dünya çempionatının finalında Kayl Snayderə uduzmuşdu. Amma bu dəfə çox qısa vaxtda rəqibinə qalib gəldi. Bəlkə də o bir il yatmayıb, bu görüşə hazırlaşıbmış. Fikirləşib ki, «mən ona niyə uduzmalıyam, axı!» Bütün güləşçilərdə bax belə qürur hissi, mənlik, kişilik olmalıdır. Sizin gələcəyiniz güləşlə bağlıdır. Hamınızdan qələbə gözləyirəm».

Həmin görüşdə o, baş məşqçi Firdovsi Umudova söz verməyib. Üstüörtülü narazılığını nümayiş etdirib. Bu günlərdə Azərtac.az-a verdiyi müsahibədə bildirib ki, məşqçi heyətində dəyişikliklər planlaşdırılır. Mütəxəssislər bunu ona işarə vurublar. Allsport.az-ın əldə etdiyi məlumata görə, vitse-prezidentin yeni baş katib Orxan Məmmədovla da arası dəyib. O isə, Namiq Əliyevin adamıdır, özbaşına addım atmır. 5 keçmiş əməkdaşı ilə AGF arasında məhkəmə çəkişməsi ilə bağlı dünən oxu.az-a açıqlamanı məhz o verib. Halbuki Orxan Məmmədov mətbuatdan qaçır, heç vaxt KİV-ə danışmır və belə söhbətlərə son dövrdə ancaq Firdovsi Umudov şərh verirdi.

Dünya çempionatında sərbəst güləşdə yeganə medal rəhbərliyi razı salmayıb. Belədə, ölkə xaricindən mütəxəssisin dəvət edilməsi gündəmə gəlib. Yeni yaradılmış U-23 dünya çempionatında qazanılan bir dəst medal da indiki durumda Firdovsi Umudovu xilas edə bilmir. Bu ilin mayından, Kaspiyskdən başlayan silsiləvi qalmaqallar onun nüfuzuna xələl gətirib. Tanınmış dövlət rəsmiləri bildirib ki, o həddən artıq özünü təblig edir və bu da son dövrdə onun əleyhinə işləyib.

K.HACI

Həmin kateqoriyadan