Güləş yığmalarımız təlim-məşq toplanışlarını davam etdirir

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komanda Avropa Oyunlarından sonra təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. İyunun 29-dan başlayan TMT iyulun 7-də başa çatacaq. Komanda iyulun 11-dən yenidən hazırlıqları davam etdirəcək.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda isə, iyulun 7-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. İyulun 25-dək davam edəcək təlimlərdə yığma komandanın 20 üzvü iştirak edəcək.

Qadın güləşi üzrə böyüklərdən ibarət yığmanın üzvləri isə iyulun 9-dan Bolqarıstanın Belmeken təlim-məşq bazasında toplanışda olacaq. 13 güləşçinin qatıldığı təlim-məşq toplanışı iyulun 23-dək davam edəcək.

Gənclərdən ibarət sərbəst güləş yığmasının üzvləri iyulun 6-dan 20-dək Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaq. Heyətdə 18 güləşçi yer alıb.

Gənclərdən ibarət yunan-Roma və qadın güləşi yığması isə, təlim-məşq toplanışlarını Bakıda, Olimpiya Güləş Mərkəzində davam etdirir.

Məlumat üçün bildirək ki, yeniyetmə güləşçilər 4-9 avqustda Serbiyada Avropa çempionatında, 25-30 avqustda isə Bosniya və Hersoqovinada Dünya çempionatında qüvvələrini sınayacaq. Gənc güləşçilər isə, 11-16 avqustda Braziliyada Dünya çempionatında yarışacaq. Rio Olimpiadasına ilk lisenziyaların qazanılacağı böyüklər arasında Dünya çempionatı isə 7-12 sentyabr tarixlərində ABŞ-ın Las Veqas şəhərində keçiriləcək.

Həmin kateqoriyadan