VİDEO, FOTO
Gürcüstan sərbəst güləşçiləri Bakıda təlim-məşq toplanışında

Sərbəst güləş üzrə milli komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Saypulla Absəidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Bu gündən etibarən isə, Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulub.

16 idmançı ilə təlim-məşq toplanışına qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq), bürünc mükafatçı Dato Marsaqişvili (86 kq), eləcə də Dünya və Avropa çempionatlarının mükafatçıları var. Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.

Məlumat üçün bildirək ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək.

Həmin kateqoriyadan