Hacıbaba Əskərovun xatirəsi layiqincə qeyd edilib

AAAF park yaşayış kompleksinin yarış zalında beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə ağırlıqqaldıranların respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, şəxsi yarışda qadın və kişilərlə yanaşı, veteranlar da iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. Fərqlənənlərə müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Turnirin təşkilində məqsəd mərhumun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışa qadınlar start verib. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kq (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kq (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kq (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutublar.

Açılış mərasimindən sonra mübarizəyə kişilər qoşulublar. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kq (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kq (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kq (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.

Sonda körpücük veteranların ixtiyarına verilib. 70 yaşlı Vladimir Jilyayev qalib adını qazanıb. O, toplam 169 kq (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kq (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kq (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.

Həmin kateqoriyadan