Hafiz Süleymanov Türkiyədə işləyəcək – “Ağır Atletika Federasiyası “bardak”dır”

Azərbaycan Ağır Atletika Federasiyasında gərginlik davam edir. Görünür, bütün işə məsul olan vitse-prezident və milli komandaların baş məşqçisi Tofiq Heydərov duruma dərindən nəzarət edə bilmir. Ürəyiyumşaqlığı ilə seçilən ünlü olimpiyaçı nə məşqçilər heyətindən, nə milli komandalardan, nə də federasiyanın mətbuatla işindən hər tərərfli xəbərdardır. Allsport.az saytına daxil olan məlumata görə, özu də idman adamları ilə söhbətdə, ağırlıqqaldıranlarla bacarmadığını etiraf edib. Onun humanistliyindən, gözəl insanlığından istifadə edən ətrafı deyəsən, ona kömək etmək əvəzinə, işi daha qəlizləşdirir. AAAF-da regionçuluqla da bağlı söz-söhbətlər gəzir. Son dövrdə bu sahədə yaranan müəyyən böhrana tab gətirməyən idmançılar, mütəxəsisslər Odlar yurdunu tərk edirlər. Əsas üz tutulan məkan Türkiyədir. Qadın yığmamızın sabiq böyük məşqçisi Hafiz Süleymanov da bundan sonra qardaş ölkədə fəaliyyət göstərəcək. Buna səbəb isə Azərbaycan Ağır Atletika Federasiyasında baş verən özbaşınalıqlardır. Bunu yenicag.az-a açıqlamasında mütəxəssisin özü deyib:

“Millidən ayrılmağıma səbəb federasiyadakı özbaşınalıqlardır. Ordakıların heç biri məşqçi deyillər, ali savadları da yoxdur. Elə gəlin, qadınlardan ibarət millidən başlayaq. Gedib Moldovadan Nataliya Prişepanı gətirdilər; guya mənim köməkçim olacaqdı. Hər şeyi qatdılar bir-birinə. Böyüklərdə Elnur Hüseynov adlı köməkçi məşqçi var. Adam “AAAF Park”da “karusel”ə nəzarətçi işləyirdi. İslam oyunlarında yığmanın məşqçiləri bir dənə də olsun, medal gətirmədilər. İslamiadada bürünc medal qazanan Rövşən Fətullayevi 3 ay mən hazırlaşdırmışdım. İslam Oyunlarının qalibi Anastasiya İbrahimlinin də şəxsi məşqçisi olmuşam. Ağır Atletika Federasiyası “bardak”dır…”.

Ünlü tutullu ağırlıqqaldıranın sözünə görə, Azərbaycan Ağır Atletika Federasiyasında idarəetmə yüksək səviyyədə deyil: “İdmançını qovuram, bunlar geri qaytarırlar. Belə vəziyyətdə məşqçi pis olur. Federasiya prezidenti Cahangir Əsgərovun bu işə aidiyyatı yoxdur. İdarə edənlər hər şeyin başını buraxıblar. Bu gün yeniyetmələrdə Taleh Hüseynov adlı məşqçi işləyir. Bu adam taksi sürücüsü idi. Nə oxuyub, nə də savadı var. Nizam Rufullayev da həmçinin… Yığmada işləyən məşqçilərin 90 faizinin ali savadı yoxdur. Bu gün ali savadı olmayan dünyanın heç bir yerində məşqçi işləyə bilməz. Məsələn, böyüklərdə Elnur Hüseynov məşqçi işləyir. Bu adam idmançı kimi heç nə olub. Heç ali savadı da yoxdur. Bu, necə olur? Vallah, adama gülərlər. Nataliya sıradan bir idmançı olub. Amma ayda 2 min manat maaş alır. İdmançı kimi cəmi bir dəfə Avropa 3-cüsü olub. Bu adam nə öyrədə bilər axı?

Türkiyədə idmançılara hörmət var. Qardaş ölkənin Gənclər və İdman naziri Osman Aşkın Bakla görüşdüm. Türkiyədə ağır atletika klubu yaratdım. Özüm də idman mütəxəssisiyəm. Bir sözlə, mənə qapılar açıqdır. Amma biz öz millətimizə hörmət etmirik. Mən intizamı, dürüstlüyü sevən biriyəm. Digər ölkələrdə qızıl medal qazanan idmançılar var. Noyabrda dünya çempionatı keçiriləcək, amma ora aparacaq idmançımız yoxdur. Rövşən Fətullayevdir, o da ki, 31 yaşı var. Fakt odur ki, idmançılar yetişmir. Bunun səbəbi də işlərin düzgün qurulmaması, məşqçilərin doğru seçilməməsidir”.

Qeyd edək ki, Hafiz Süleymanov 1989-cu ildə dünya və Avropa çempionuluğuna yetişib. Müstəqilliyimizdə Türkiyədən çıxış edib. Hafiz Süleymanoğlu adı ilə 2 dəfə Avropa çempionu (1991, 1997) və 1 dəfə gümüş (1993) və 1 dəfə bürünc (1995) medalçısı olub; 3 dəfə (1993, 1994 və 1997) dünyanın ən güclülərinin yarışında 2-ci yer tutub. O, Barselona-1992 və Atlanta-1996 yay olimpiya oyunlarının iştirakçısıdır.

Süleymanovlar böyük idmançı ailəsidir. Onun 6 qardaşı müxtəlif illərdə ağırlıqqaldırma və güləşlə məşğul olub.

Həmin kateqoriyadan