Heydər Əliyev kuboku Rəşad Səmədovun oldu

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan CSI2*-W kateqoriyasında konkur üzrə beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, turnirin bağlanış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev iştirakçılar qarşısında çıxış edib. O, Azərbaycanda atçılıq idmanının inkişafı barədə danışıb və qeyd edib ki, konkur üzrə yarışlar ölkəmizdə 2009-cu ildən keçirilir.

“Elite Horse & Polo Club” klubunun yaşıl meydançasında təşkil edilən turnirin bugünkü finalı çərçivəsində qələbə uğrunda 12 çapar mübarizə aparıb. Onlar Azərbaycan, Lüksemburq, Almaniya və Türkiyəni təmsil ediblər. Qalib ölkəmizi təmsil edən Rəşad Səmədov olub. O, Heydər Əliyev kuboku ilə mükafatlandırılıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 60 min manat olub.

Həmin kateqoriyadan