Kamran HACI
Hola Madrid və ya Refugees welcome

Kamran Hacı | kamran-haji@mail.ru

Çərşənbə axşamı çempionlar liqasının «C» qrupunun 4-cü turunda «Qarabağ» Madriddə «Atletiko» ilə cavab oyununa çıxdı. Bu görüş prinsipal əhəmiyyət daşıyırdı. Evdə adlı-sanlı rəqibə layiqli müqavimət göstərən Qurban Qurbanovun komandası qolsuz heç-heçənin təsadüfi olmadığını, ümumən, qitənin ən nüfuzlu klub yarışının əsas mərhələsinə haqq edərək çıxdığını isbatlamaq üçün, İspaniya paytaxtında da sərfəli nəticə qazanmalı idi.
Ölkə mətbuatına uzun illər davamlı maliyyə yardımı edən «Qarabağ» və onun himayədarı «Azərsun» şirkəti Madrid səfərinə də özü ilə böyük KİV qrupu apardı. Pireney yarımadasına birbaşa Bakıdan uçduq. Təqribən altı saat havada olduq. İlk dəfə idi ki, təyyarə ilə bu qədər uzağa, Avropanın Atlantik okeanı hudüdlarına yola çıxmışdım. Jurnalist karyeramda birinci dəfə «köhnə qitə»nin əsas bölgəsinə yunan-Roma güləşçilərimizlə, 2013-cü ildə, İstanbula səfər etmişəm. 3 il sonra bir qədər də irəli, futbol klublarımızdan ilk «Qarabağ»la Çex Respublikasının Libereç şəhərinə yol yoldaşı olmuşdum.

Daim sadəlikləri ilə seçilən vitse-prezident Tahir Gözəl və icrası direktor Əmrah Çəlikəl səfər zamanı bizim guşəyə baş çəkdilər. Başqan istəyimizi bilib söhbətə özü başladı. Adəti üzrə gülərüz, yükək ovqatlıydı: Madriddə də «Qarabağ»ın layiqli müqavimət göstərəcəyinə inandığını, ölkə futbolu naminə Qurban Qurbanovun milli komandaya buraxmağa hazır olduğunu dedi; amma bir şərti vardı – uzun zaman yetişdiyi saf məhsula qurd düşməsin, son illərdə bəhər götürdü bar birdən kəsilməsin, ağac zamanla qurumasın, əksinə, qol-budağı yamanıb daha pöhrələnib bərkisin, ucalsın, kluba və futbolumuza tövhəsi bol olsun. «Qarabağ» rəhbərliyi bizdən ayrılan kimi media komitəsinin idarə heyətinin sədri Mahir Rüstəmli qolunu çırmalayıb noutbukunda müsahibəni yazmağa başladı. Əslində, o, gözləyə də bilərdi. Çünki internet yox idi, üstəlik, qəzet elə sürətli cəldlik tələb etmir. Amma həmin sahədə tükənməz ruh, bu il 20 yaşını qeyd edən «Futbol+» nəşrinə yorulmadan kapitanlıq edən rəhbər məsuliyyəti sözünü deməliydi: MK-nın «Feisbuk» səhifəsi ilə Tahir bəyin fikri səfərdə olmayan həmkarlarımıza dərhal çatdırılmalıydı.
Nə vaxt çatdığımı hiss etmədim. Axı təyyarədə MDB-in məşhur gülüş ustası Bəhram Bağırzadə də vardı. O, yumorları ilə bizi darıxmağa qoymurdu. Onunla həm gedəndə, həm də gələndə xeyli söhbət etdim. «Bakılı oğlan»dan xeyli maraqlı bilgi aldım. Daim sadəliyi və düzgünlüyü ilə seçilən Bəhram Bağırzadənin yaxşı yol yoldaşlığı var.

Hava limanında isti qarşılandıq. Qeydiyyat çox vaxt aparmadı. Bizi çıxacaqda klubun Avropada yaşayan azarkeşləri qarşıladı. Həmyerliləmizin «Qarabağ» sədaları futbolçuların ovqatını bir qədər də yüksəltdi. Ordan birbaşa Madridin əsas mərkəzi küçəsi Qran Viaya yollandıq. Yerləşdiyimiz «İmperador» hoteli çox münasib və rahat idi. Həmkarlarımla bir yerə toplaşanda bir xoşagəlməz xəbər eşitdim. Bizlə təyyarədə olan idmançı Kamil Zeynallı canlı bağlantıya qoşularaq Məhəmməd adlı izləyici ilə mübahisə edib, hissini cilovlaya bilməyib. Adı ilk çəkilən şəxsin bu hərəkətinə haqq qazandırmıram. Amma tale matçı öncəsi şəxsi zəmində olan söhbəti qabardaraq «Qarabağ» adına gərginlik və qalmaqal yaradan, bir müddət əvvəl Azərbaycanın ən titullu yerli mütəxəssisi, «Şöhrət»li Elçin Cəfərovun barəsində yalan dolu iftira yazanın necə ağdamlı, azərbaycanlı olması hələ mənə qaranlıq qalır. Burda atalarımızın bir sözü yadıma düşdü: «Pişiyin ağzı ətə çatmayanda, deyir iylənib».

Şəhərin gəzməli-görməli yerlərinə, nahar və şam etməyə piyada gedirdik. Rəqibin komandamızı qəbul edəcəyi yeni «Vanda Metropolitano» da elə uzaq deyildi. Səfərin ertəsi günü, yəni oktyabrın 30-da, axşama qədər premyer.az saytından olan həmkarım Rauf İsgəndərlə Madridin mərkəzi hissəsini dolandıq. Şəhərdə çoxlu turist vardı. Əksəriyyəti ölkənin dörd bir yanından gələn yerli vətəndaşlar idi. Amma vaxtaşırı Avropadan, Asiyadan, hətta okeanın o tayından gəlmiş səyahətçilərə də rast gəlinirdi. Turizm sektoru İspaniyada öndə dayanır və ölkənin əsas gəlir mənbəyidir. İnsanların üzlərindəki təbəssüm rifahın yüksək olmasından xəbər verir. İspaniyada orta aylıq əmək haqqı 2000-3000 avro təşkil edir. Tanınmış adda geyim mağazalarında kassaların çox olmasına rəğmən, uzun novbələr vardı. Alıcılar paltarları on-on, on beş-on beş alırdı. Sanki 7-8 il qabaq böyük maliyyə böhran yaşamış həmin İspaniya deyildi! 5 il öncə milli ilə bir dəfə Dubayda olmuşdum. Amma əsl qızğın ticarəti ilk dəfə Maddirddə gördüm.

Paytaxtın nəhəng arxitektur binaları nəinki onun, ümumən ölkənin əzəmətindən xəbər verir. Dar küçələri gəzdikcə adama elə gəlir ki, onları Fransisko Qoyya rəsmləri ilə yaradıb. Kanovas-del-Kastilyo meydanında Neptunun fəvvarəsi yerləşir. Orta əsrlərdə dəniz ticarəti ispanlarda böyük önəm daşıdığından, onlar üçün «su allahı» xüsüsi rəmz sayılıb. Paytaxtın mərkəz civarında digər əfsanəvi Roma, amma əslində, Yunanıstana aid «allahlar»ının heykələrinə də rast gəlinir. Görünür, eramızdan əvvəl Qalliyanı işğal edən Roma imperiyasının təsiri çox güclü imiş.
Şəhəri gəzdikcə, digər mədəniyyət izləriylə də qarşılaşmaq olur. Axı yarımada çox qaynayıb-qarışıb: 7-13 əsrlərdə ərəblər burada Kordoba xilafəti qurmuşdular. İşğaldan sonra inkişaf edən ispanlar su yolu ticarətində ağalığa nail olaraq Amerikanı kəşf ediblər. Niderlandın şimal hissəsi və zamanla Afrikanın bəzi dövlətləri krallığın nəzarətinə keçib. İspaniya tədricən tutduğu əraziləri itirsə də, müstəmləkəsində olduğu mədəniyyətləri özündə cəm etməyi bacarıb. Əbəs yerə «Qarabağ»ın rəqibinə «hindular» demirlər.
Bəzi Avropa ölkələri ilə müqayisədə burada irqçilik yoxdur. İraq və Suriyada baş verən müharibədə yurdlarını itirmək məcburiyyətində qalan ərəblərə qapılar bağlanmayıb. Əksinə, Sibeles sarayının ön divarlarında lövhədə belə yazılıb: «Refugees welcome» (qaçqınlar xoş gəlmisiniz). Bu, dolayısı ilə bizə, «Qarabağ»a da xoş mənzərə idi. Axı  torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı nəticəsində komanda uzun illərdir doğma «İmarət»dən, Ağdamdan ayrı düşüb.
Madriddə xoşuma gəlməyən, mərkəzi küçələrdə həddən artıq səfilin olması və hər on qadından üçünün qışın astanasında belə çılpaq gəzməsiydi. Görün, indi yayda bura necə qaynayır! Restoranlarda donuz əti çoxluq təşkil etsə də, halal məhsul tapmaqda çətinlik çəkmədik. Tez-tez qarşımıza çıxan türk və ərəb yeməkxanaları dadımıza çatırdı.

«Atletiko»nun yeni məskunlaşdığı «Vanda Metropolitano» da iş hələ tam bitməyib. Buna rəğmən, stadion mükəmməl vəziyyətdədir. Bakı olimpiya stadionudan fərqli, orada futbol qurğusunun üstü elə örtülüb ki, yağış və ya qar zamanı tamaşaçılara su dəymir. Üstəlik, stadiona girmək üçün bizdəki kimi uzun yol qət etmirsən. Başqa bir maraqlı məqam da vardı: oyuna bir saat qalmış ətrafda elə adam gözə dəymirdi. Bunu «Vanda Metropolitano»nun içində də müşayiət etmək mümkün idi. Amma elə ki, görüşün başlamasına az qaldı, stadion tez zamanda tam dolmağa başladı. «Qarabağ» evdə rəqibə dişini göstərmişdi. Bu üzdən mətbuat konfransında Dieqo Simyone çox gərgin görünürdü. Kim bilir, komandası uduzsaydı, bəlkə də istefaya göndəriləcəkdi. Bakıda baş hakimin 2-ci yarıda 11-metrlik cərimə zərbəsi təyin etməməsi, üstəlik, rəqibin Dino Ndlovunu dayandırdığına görə qırmızı vərəqə göstərməməsi səbəbindən məğlubiyyətdən xilas olan «hindular», Madrid də yenilgidən qaça bildilər. Komandamızda təqdir olunan hal, hər 2 matçda azlıqda qalmasına rəğmən, sonadək dayanıqlıq və əzmkarlıq göstərməsiydi. Hər sınaq düşünməyə əsas verir. Söz yox ki, həyat davam edir və onun öz tələbləri var. Komandamızın vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Ən vacibi, bütün bunlarla «Qarabağ», sadəcə, qitə arenasında təkcə öz mövqeyini möhkəmləndirmir, eyni zamanda, Azərbaycan, öz tarixi keçmişinin həqiqətlərini bərpa edir, doğma yurdunun işğal olunmaşını cahana catdırır, futbolumuzun hələ yaşadığını nümayiş etdirir.
Hər müqayisəli həm də təhlil dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Ümid edək ki, «köhlən atlılar» növbəti 2 oyunda fürsəti fövtə verməyəcək, ən azı, 3-cü yerlə avrokubokda mübarizəni davam etdirəcək. Əvvəl bu xəyal kimi gəlirdi. Ancaq «Qarabağ»ın son oyunları çox şey deməyə əsas verir…

 

Həmin kateqoriyadan