İAM «İlin jurnalisti» seçimi ixtiyarını AGİN-dən alır

Gənclər və İdman Nazirliyi hər ilin dekabrında ənənəvi keçirilən yekun tədbirində «İlin jurnalisti»ni elan edirdi. Allsport.az saytı xəbər verir ki, dünən «Buta Saray»da təşkil olunmuş eyni tədbirdə müxtəlif nominasiyalarda qaliblər müəyyənləşdi. Amma KİV-lə bağlı konkret bir söz deyilmədi. Bu hal ilk dəfə qeydə alındı. Sonuncu dəfə ötən il «Olimpiya dünyası» qəzetindən Aysel Sultanova «İlin jurnalisti» seçilmişdi.

AGİN-dən səs gəlmədiyi bir vaxtda, İAM fəallığını durmadan artırır. İldən ilə əhatə dairəsini genişləndirən İdman Araşdırmalar Mərkəzi bu mövsüm də ənənəsinə sadiq qalaraq «İlin ən yaxşı jurnalisti»ni müəyyənləşdirdi. Bu, “Komanda.az” saytının redaktoru Natiq Muxtarlıdır.

Görünür, bundan sonra sözü gedən seçim ixtiyarına AGİN deyil, İAM malik olacaq. Yeri gəlmişkən, sonuncunun «İlin qalibləri» layihəsində «İlin idman xadimi» gənclər və idman naziri Azad Rəhimov olub. İlk Avropa Oyunlarının icraçı direktoruna mükafatı dunən «Buta Saray»da təşkilatın rəhbəri Elşən Məmmədov təqdim edib.

Həmin kateqoriyadan