Anastasiya İbrahimli: “Sevinirəm ki, Azərbaycana medalla qayıdıram”

Xəbər verdiyimiz kimi, Tiflisdə ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. Allsport.az xəbər verir ki, aprelin 16-da çempionatda Azərbaycanın qadın atleti Anastasiya İbrahimli 69 kq-da körpücük üzərinə çıxıb.

O, birdənqaldırma hərəkətləri zamanı 103 kiloqramlıq çəkini başı üzərinə qaldırıb. Təkanla qaldırmada isə atletimiz əvvəlcə 120, sonra 126 kiloqramın öhdəsindən gəlib. Üçüncü cəhddə İbrahimli 130 kiloqramı başı üzərinə qaldıraraq çempionatın bürünc medalını qazanıb.

Yarış başa çatdıqdan sonra İbrahimli qələbə sevincini “Azərtac”la bölüşüb: “Məqsədimiz çempionatın qızıl medalına sahib olmaq idi. Lakin bu turnirdə daha güclü idmançılar çıxış edirdilər və mən mübarizəmi üçüncü pillədə başa vurdum. Sevinirəm ki, Azərbaycana medalla qayıdıram. Bundan sonra da çalışacağam ki, Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyum. Qarşıdan dünya çempionatı gəlir və inanıram ki, bu çempionatda da uğur qazanacağıq”.

 

Həmin kateqoriyadan