LAYİHƏ
«İdman» 85 və 7000-ci nüsxə!

Bu il Azərbaycan idman mətbuatının bayraqdarı «İdman» üçün ikiqat əlamətdardır. Ölkənin ən qocaman idman nəşri 85 illik yubileyini qeyd etməklə yanaşı, aprel ayında 7000-ci sayını buraxdı. Şərəfli tarixi olan mətbuatımızda bu göstərici hər qəzetə, özəlliklə, idman nəşrinə nəsib deyil. Çox sevinirəm ki, ölkənin ən qocaman idman qəzetində mən də çalışmışam. 10 ilim burda keçib. «İdman»dan çox şey öyrənmişəm, püxtələşməyimdə xeyli köməyi dəyib. Sovet dövründə aparıcı paytaxt qəzetləri, o cumlədən, bölgə nəşrlərində çalışan Arif Məmmədovla, mənə görə idman mətbuatının ən güclü yazarı – Batı Yar imzası ilə tanınan Bəxtiyar Məmmədovdan yetərincə jurnalistlik təcrübəsi almışam. Gənclər və İdman Nazirliyi ilə əlaqələrin daha möhkəmlənməsində Qabil Mehdiyevin dəstəyi var. 40 yaşlı bu baş redaktor 20 illini «İdman»a həsr edib. Onun əlamətdar hadisə ilə bağlı xüsusi ürək sözü var:

«85 ildir işıq üzü görən, indiyədək nə az, nə çox – düz 7000 dəfə oxucularının görüşünə gəlmiş qəzetin öz fəaliyyəti, keçdiyi yol və gördüyü işlərə görə öyünməyə haqqı olmalıdır, məncə.
85 yaşının tamamında Gənclər və İdman Nazirliyi ilə birgə layihəmiz olan jurnalın 8 ildir ki, fasiləsiz nəşri, 6 ildir gündəlik xəbərlərlə yenilənən internet səhifəsi, həmçinin son on ildə bədən tərbiyəsi, idman, olimpiya hərəkatına həsr olunmuş 10-dan çox kitabın nəşr-ləri ilə Azərbaycan idmanının əsl salnaməçisinə çevrilən qəzetimiz həm də idman mətbuatımızın tarixini özündə əks etdirir.
Redaksiyanın keçdiyi bu uzun və şərəfli yola işıq salmış Mirpaşa Miriyev, Oqtay Atayev, Aqşin Kazımzadə, Oqtay Bayramov, Arif Şəfizadə, Vaqif Əfəndiyev, Toğrul Bağırov və onlarla işləmiş kollektivlərin, eləcə də uzun illərdir hələ də redaksiyada gözünün nurunu töküb, saç ağardan hər kəsin payı var bu uğur dolu 85 və 7000 rəqəmlərində.
Qəzetin tarixi barədə bu sayımızda başqa yazıda bəhs olunduğundan təkrara yol verməyəcəyəm. Bundan əvvəlki yubileylərimizdə, əlamətdar günlərdə bu və digər işlərimiz barədə çox danışılıb. Bu dəfə isə, sadəcə, əziz dostum, yol yoldaşımla ilk tanışlığımı xatırlayacağam.
Uşaq yaşlarımdan vurğunu idim bu qəzetin. Əyri hərflərlə, ağ-qara loqo ilə, kiril hərfləri ilə yazılan “İdman” idi onda. Məktəbdə oxuduğum illər idi. Poçt şöbəsi yolumun üstündə olduğundan hər gün dərsdən qayıdanda, atamın abunəçisi olduğu qəzetləri ordan götürməmiş evə gəlməzdim. Yaxşı xatırlayıram: evdə dərslərimi bitirmədən “İdman”ı oxumaq qadağan edilsə də, həmişə verdiyim sözə əməl etməyimə baxmayaraq, yalnız bu qadağaya gizli də olsa, riayət etmirdim.
«İdman»ın yolunu həmişə səbirsizliklə gözləyirdim. Xüsusən də, «Neftçi»nin oynadığı günün ertəsi. O zaman mənim üçün əlçatmaz görünən «İdman»çıların oyun haqda nə yazdığını maraqla oxuyar, matçın protokoluna və turnir cədvəlinə baxıb, «Neftçi»nin neçənci pilləyə qalxıb-düşdüyünü, topladığı xalı cədvəl qonşuları ilə müqayisə edərdim. Etiraf edim ki, o zamanlar «İdman» sırf futbola görə sevimli qəzetimə çevrilmişdi.
Qəzetin son səhifəsinin aşağısında redaktorun Mirpaşa Miriyev, sonralar isə Oqtay Atayev və Aqşin Kazımzadənin ad-soyadları hər dəfə diqqətimi cəlb edirdi. Bəlkə də onlara həsəd aparırdım. Məktəblidən tutmuş təqaüdçüyədək hər kəsin qəlbini fəth edən qəzetin redaktoruna necə həsəd aparmayasan?
Bax, o vaxtdan idmanı və «İdman»ı sevdim mən. İndi də sevirəm. Lakin indi özünü bu qəzetdən ayrı təsəvvür edə bilməyən bir insan, 40 yaşının tən yarısını birgə keçirdiyi bir dost, sirdaş, yol yoldaşı kimi sevirəm «İdman»ı.
7000-nin və 85-in mübarək, dostum!!!»

Ölkə idman mətbuatının bayraqdarını keçmiş «İdman»çılar şövqlə, ovqatla xatırlayırlar. Axı bu qəzet onların gələcək karyeralarının uğurul alınmasında böyük rol oynayıb:

Elman Cəfərli: – «İdman» qəzeti çox adama çorək verib, çox jurnalistə qələm tutmağı öyrədib. Heç bilirlsinizmi, bu bulaqdan kimlər su içib! Şadam ki, mən də burada universitet keçmişəm, mənim burada Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Oqtay Bayramov, Paşa Əmirov kimi hami-tərbiyəçilərim olub.
Amma «İdman»a gəldiyim ilk günü heç vaxt unutmaram. İndiyədək dərin hörmət bəslədiyim M.P.Miriyev məni öz kollektivinə qəbul edərkən dedi: «Bala, bax və agah ol ki, idmançılarda və idman yazarlarında «yoxdur», «bacarmıram», «mən girən kol deyil» sözü yoxdur, biz hamımız müsəlləh əsgərik. Bunları qulağına sırğa etsən, heç vaxt üzüqara olmazsan».
Mən bu müdrik və xeyirxah insanın hikmətamiz kəlamlarını heç zaman unutmadım və çalışdım ki, onun həmişə üzünü ağardım.

Zaur Qədimbəyov: – Yəqin ki, hər bir insanın dünyaya göz açdığı Vətənindən savayı, daha bir, eyni dərəcədə sevdiyi məkanı – «peşə vətəni» var. Elə vətən ki, sonrakı bütün ömrün üçün seçdiyin sahədə ilk addımlarını buradan atmısan. Mənim üçün belə bir vətən təxminən 30 il bundan əvvəl «Azərbaycan bədən tərbiyəçisi» (o vaxtlar «İdman» qəzeti belə adlanırdı) olmuşdur. O, illər və hadisələr gözlərim qarşısında canlanır, neçə-neçə xatirə baş qaldırır. Hər halda, qaynaqlar bunlardan, «İdman» qəzetindən başlamışdır. Biz hamımız gənclik illərində bu qəzetlə nəfəs alırdıq, onun vurğunu idik.
Məgər mən zəngin təcrübəli redaktor Mirpaşa Miriyevin qayğılarını və ya ilk cızmaqaralarımı «İdman»ın sonrakı redaktorunun (Aqşin Kazımzadənin – O.B.) necə sayğı ilə redaktə etdiyini unuda bilərəm?! Mən hələ indi aramızda olmayan Fərid Səmədovu, Saşa Rozenberqi, Lyova Bedoşvilini demirəm.
Bu yubiley günündə biz onların əziz xatirəsi qarşısında ehtiramla baş əyməliyik. Seçdiyimiz və ən yaxşı saydığımz qəzet üçün birlikdə nə qədər yol keçmişik, nə qədər yazıb-yaratmışıq.
Yox, nə zəmanə, nə də sonrakı hadisələr, lap çox parlaq olsalar da, «Azərbaycan bədən tərbiyəçisi» qəzetində keçirdiyim günləri yaddaşımdan silə bilməz. Qoy, həmişə təravətli və həmişəcavan qəzetimiz bu gün onu yaradanların da həyatına, bax, beləcə parlaq səhifələrlə daxil olsun.

Raqif Sədrəddinov: – Mən öz işimlə əlaqədar «Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsinə qalxmışdım və təsadüfən «İdman»da işləyən həmkarımla rastlaşdım: «Bura bax, hardasan, – soruşdu. – Tez ol, Aqşin bəyin yanına get, o səni axtarır. – Sonra da mənim çoxmənalı «Xeyirdimi?» sözümə gülümsəyərək, əlavə etdi. – Yubiley nömrəsi hazırlayırıq».
Budur, mən «İdman»ın redaktorunun geniş kabinetindəyəm. Burada Mirpaşa müəllim Miriyevlə görüş mənim üçün fərəhli sürpriz oldu (onda M.P.Miriyev artıq bizim komandanın sükanı arxasında deyildi, başqa işə keçmişdi – O.B.). Sonra köhnə vaxtlardakı kimi tapşırıq aldım – qəzetin sabahkı nömrəsi üçün 50-60 sətirlik bir yazı hazırlamaq.
Bəs nədən yazım?
Bəlkə Bakıya gedən qatarın kupesində respublikanın ucqar raoynlarında idman bazalarından necə istifadə olunması haqqında tənqidi material yazdığım həmin yuxusuz gecəni xatırlayım?
Bəlkə günəşli payız səhərini yada salım? Həmin səhər Respublika stadionunda bir çox həmkarım üçün günün qəhrəmanı ilk beynəlxalq yüngül atletika yarışlarının iştirakçıları yox, hamımızın sevimlisi, duzlu-məzəli söhbətləri ilə qəlbimizi fəth etmiş Paşa Əmirov oldu.
Keçmişdə məşhur boksçu, təcrübəli jurnalist, idmanın tətbiqi növlərindən yazan Paşa redaksiyanın tapşırığı ilə 200 metr məsafəyə final qaçışının qalibindən müsahibə almalı idi. Müsahibə qəzetdə dərc olundu, amma jurnalistin çempionla söhbəti onu bir daha xatırlamağa layiqdir.
Əmirov çempion olandan sonra hələ də qaçışı davam etdirən qalibə güclə çataraq suallar verməyə başladı. Sprinter isə belə cavab verdi: “Bura bax, sən məni lap təngə gətirdin, qoy bir nəfəsimi dərim!”. “Doğrudanmı yorulmusan, – deyə Paşa təəccübləndi. – Vur-tut 200 metr məsafəyə qaçmısan. Amma heç danışa bilmirsən, özün də çempionsan…

Telman Fərəcov: – Uzaq 1968-ci ildə mən ilk dəfə «Azərbaycan bədən tərbiyəçisi»nin astanasından içəri daxil olduqda güman edə bilməzdim ki, innən sonra həyatım tamamilə başqa bir məcraya yönəlib və bu, heç də planlaşdırdığım məcra deyildi.
Xoşbəxtəm ki, həmin gün olmuşdur, xoşbəxtəm ki, bu qəzetin səhifələrində heç olmasa kiçik bir iz qoymuşam.
Axı, hər şey heç də asan olmamışdır. Kazımzadənin dəmir, dönməz qanunu – səhər materialı masanın üstünə qoymaq göstərişi danışıqsız yerinə yetirilməli idi. Düşünüb-daşınmaq üçün bir dəqiqə belə vaxt yox idi. Mənim «Simasını itirmiş insan», «Yalançı abituriyentlər», «Böhtançı» kimi kəskin süjetli oçerk və məqalələrimlə də belə olmuşdur.
Bu gün vəziyyət dəyişib. İndi hamı daha cəsarətli olub, hər kəs istədiyi adamı tənqid edə bilər. O zaman isə hər şey başqa cür idi.
Yadımdadır, redaktor məni yanına çağırıb dedi ki, bilirsənmi, deyirlər, Edik Markarov qaçıb; bunu aydınlaşdır və sabah materialı masanın üstünə qoy. Mən də aydınlaşdırdım. Markarovun arvadı ilə söhbət etdim. Arvadı, böyük pullara şirnikərək onu uşaqla tək qoyub qaçdığına görə bu yaramızı lənətlədi.
Səhərisi məqalə hazır oldu. Yadımdadır, mən onu «Acgözlük» adlandırmışdım: ehtiyat başlıq isə «Satqın» idi.
Redaktorum məqaləni dərc etmək üçün yalnız gecə saat 12-yə yaxın Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Əmirovu dilə tuta bildi. Katib həmçinin məsləhət gördü ki, mənim imzamın yanında bir rus soyadı da olsun: «Allah eləməsin, bizi millətçilikdə təqsirləndirərlər». O, daha bir necə düzəliş etdi, elə başlığı da dəyişdi: «Haradasınız, Eduard Markarov?».
Daha bir əhvalat. SSRİ xalqlarının spartakiadasında velosipedçilərimiz ilk dəfə mükafatçılar sırasına çıxmaq imkanı qazanmışdılar. İşlər çox yaxşı gedirdi. Amma həlledici məqamda Adamyan məsafədən çıxdı və komandamız heç on güclü kollektiv sırasına da daxil ola bilmədi. Mən öz məqaləmdə Adamyanı qorxaq, yaramaz adlandırdım və sübut etdim ki, o, Ermənistan komandasının daha yaxşı göstəriciyə nail olması üçün məsafədən qəsdən çıxıb.
Bugünkü «İdman»ın hər bir nömrəsini gənclik həvəsi ilə oxuyuram. Bu qəzet mənim həmişə gənc, amma müdrik müəllimimdir.
Çox sağ ol ki, sən varsan, «İdman!»

Yuli Segeneviç: – «Azərbaycan bədən tərbiyəçisi» mənə jurnalistika üçün vəsiqə verib və Bakının «Neftçi» komandası öz şöhrətinin «bürünc» şüalarında parladığı, A.Banışevski, K.Tuayev, S.Kramarenko, V.Hacıyev, V.Semiqlazov kimi mahir futboçuların öz ustalıq və gözəl oyunları ilə azarkeşlərə böyük sevinc bəxş etdikləri illərdə qəzetdə futbol mövzusunu işıqlandırmışam.
Bir müxbir kimi Bakıda futbol məktəbi keçib, Moskvaya köçdükdən sonra, «Sovetski sport»da futbol şöbəsinin müdiriyəm. Lakin doğma qəzet məni bir mövzu ilə məhdudlaşdırmamışdı. Mən onun tapşırığı ilə Moskvadan Azərbaycanın voleybol və su polosu komandalarının iştirakı ilə keçirilən yarışlar və digər turnirlər haqqında dəfələrlə reportajlar vermişəm. Hər bir yeni tapşırıq, köhnə dost-həmkarlarımla hər bir ünsiyyət isə sevinc gətirir.
Sənə yaradıcılıq uğurları və uzun ömür arzulayıram, «İdman!»

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan