LAYİHƏ
İdman jurnalistləri birliyi: AİJA və MK – birində yeni lider var

1924-cü il iyulun 2-də Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb. Məhz həmin gün bütün dünyada idman jurnalistlərinin peşə bayramı kimi qeyd olunur. Hazırda 100-dən çox ölkədə qurumun yerli təşkilatları fəaliyyət göstərir. AİPS-də 300 nəfərə yaxın üzv birləşib; Azərbaycan buranın ən fəallarındandır.
Odlar yurdunda bu qurum 1995-ci ildə yaradılıb. Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən təsis konfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası. Konfransda təşkilata prezidenti seçilən Eldar İsmayılov, qısa zamanda bu olimpiya yönümlü jurnalist təşkilatını tanıdıb.1996-cı ildə AİJA beynəlxalq qurumlara müraciət edib və AİPS-in müvəqqəti üzvü statusunu alıb. Bir il sonra, mayda İspaniyanın Oviyedo şəhərində 60-cı ümumdünya konqresində assosiasiyanın tam hüquqlu üzvü seçilib. Beləliklə, AİJA Avropa İdman Mətbuatı İttifaqı UEPS-də yerini tutub.

İlk uğurlu addımların davamı olaraq, AİJA nümayəndə heyəti Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə hər il ümumdünya və qitə məclislərində, AİPS və UEPS konqreslərində ölkəmizi ləyaqətlə təmsil edib, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Beynəlxalq İdman Federasiyaları baş assambleyası, Dünya Ədalətli Oyunlar Təşkilatı, Dünya Antidopinq Komitəsi, əksər idman növləri üzrə beynəlxalq federasiyalar və digər nüfuzlu idman təşkilatları ilə sıx əlaqələr qurub. Bunun nəticəsidir ki, 2010-cu ilin aprelində turizm cənnəti Antalyada, 48 qitə dövlətini təmsil edən Avropa İdman Jurnalistləri İttifaqının 32-ci konqresində 12 yerdən ibarət rəhbər orqanına gizli səsvermə yolu ilə keçirilmiş seçkidə ali kürsüyə yaxın 4 il üçün Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Serbiya, İrlandiya və Sloveniya ilə yanaşı, ilk dəfə Azərbaycan nümayəndəsi Eldar İsmayılov da sahib olub. Yeri gəlmişkən, 142 yaşlı Azərbaycan milli mətbuatında bugünədək heç kim hər-hansı beynəlxalq jurnalist təşkilatının rəhbər orqanına seçilməmişdi. Fikrimcə, həmin hadisə istər 22 yaşına qədəm qoyan AİJA, istərsə də bütövlükdə Azərbaycan jurnalistikası üçün böyük uğur sayıla bilər!

2012-ci ilin oktyabrında MDB məkanında ilk dəfə Bakıda UEPS icraiyyə komitəsinin toplantısı kecirildi, bir neçə ay əvvəl isə paytaxtımızda FİFA 17 yaşlı qızlar arasında dünya çempionatı zamanı, AİPS-in eyni yığıncağı təşkil olundu, eyni zamanda, bu qurumun «Gənc reportyorlar proqramı» çərçivəsində 5 qitəni təmsil edən 30 gənc KİV nümayəndələrinin 20 günə yaxın seminarı gerçəkləşdi. Bu tədbirin maliyyə dəstəkçisi Azad Rəhimovun şəxsi təşəbbsü ilə layihədə yer alan10 Azərbaycanlı jurnalist arasında mən də vardım. Beynəlxalq idman yazarlarının paytaxtımızda, bölgələrimizdə olması, əlaqələrin genişlənməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verdi.

Ölkəmizdə idman sahəsində görülən işlər, ölkə prezidenti cənab İlham Əliyevin idmana və olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirib. Odlar yurdu təkcə idmançılarının ölkə dışında uğurlu çıxışları ilə deyil, həm də içdə təşkil olunan Avropa və İslam oyunları, şahmat olimpiadası, dünya və Avropa çempionatları, eləcə də digər mötəbər beynəlxalq yarışlarının yüksək səviyyədə təşkilatçılığı ilə tanınır. Azərbaycanda idmanın inkişafı bu sahənin mediasına da qol-qanad verib. Təbii ki, Azərbaycan bahadırlarının qazandığı uğurlar və ölkəmizin beynəlxalq aləmdə bir idman ölkəsi imicini qazanması, idman mediasının əsas mövzu mənbəyi, həm də tərəqqisi üçün bir zəmindir. Azərbaycanda idman KİV-nin yüksəlişi və bu sahəyə göstərilən diqqət AİPS-in də diqqətindən yayınmır. Təsadüfi deyil ki, 2014-cü ildə 90 illik yubileyi qeyd edən təşkilatın 77 konqresi məhz ölkəmizdə təşkil olundu. Azərbaycana gələn çoxsaylı qonaqlar, beynəlxalq media işçiləri ölkəmizdə gedən inkişafın, idman sahəsindəki tərəqqinin şahidi oldular, ölkəmizdə yaradılan yüksək səviyyəli idman infrastrukturu ilə tanış oldular. Konqres iştirakçıları ilə görüşən dövlət başçısı İlham Əliyev, bir daha Azərbaycanda idmana və KİV-ə olan diqqəti hamının nəzərinə çatdırdı.

AİJA-nın rəhbəri Eldar İsmayılov ümumi mənzərəni belə anladıb: «Heç kimə sirr deyil ki, ölkəmizdə idmanın, olimpiya hərəkatının inkişafında dövlətimizin başçısı İlham Əliyevin misilsiz xidmətləri var. 1992-ci ildə yaradılan Milli Olimpiya Komitəsinin beynəlxalq  qurumla sıx işgüzar əlaqələri və əməkdaşlığı İlham Əliyevin bu təşkilatın prezidenti seçilməsindən sonra başladı. Azərbaycana ardıcıl səfərlərində BOK liderləri də ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu vurğulayırdılar. Jaq Roqq hələ Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri kimi ölkəmizə səfərləri zamanı hər gəlişində infrastruktur yeniliklərin, dəyişiklikərin şahidi olmasından məmnunluğunu ifadə edirdi. Bizim təşkilatın, AİJA-nın da ayağa qalxması, inkişaf etməsi məhz 1997-ci ilə, İlham Əliyevin Azərbaycan MOK-un prezidenti seçildiyi vaxtdan sonra dövrə təsadüf edir. Bu mənada indi Avropanın və dünyanın aparıcı idman jurnalistlərinin Azərbaycana maraq göstərməsi təbiidir. AİJA da öz növbəsində daim inkişafda olan idmanımızın beynəlxalq aləmdə qədərincə tanınmasına çalışır. Zənnimcə, beynəlxalq və qitə idman jurnalistləri təşkilatları rəhbərlərinin ölkəmizə səfərləri bu işdə müstəsna rol oynayar və biz dövlətimizin qayğısı və dəstəyi, birbaşa köməyi sayəsində buna nail olmağa çalışırıq».
Son illər Azərbaycanda idman sahəsi üzrə xeyli sayda idman saytları, jurnal və informasiya agentlikləri yaranması bundan qaynaqlanır. Üstəlik, AİJA-da yeni öncül həmkarlarımız görünməyə başlayıb. Bunlardan ən fəalı «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyevdir. O, təşkilatın başçısı Canni Merlo ilə sıx təmasdadır. İtaliyalı ünlü yazar da azərbaycanlı həmkarınıa çox güvənir. 85 yaşlı nəşrin kapitanı artıq idman dairələrində rəhbər kimi qəbul olunur.

2015-cı ilin sonunda AFFA baş katibi Elxan Məmmədov maraqlı təşəbbüslə çıxış etdi: yeni bir jurnalist birliyi yaransın, saytlar birləşsin və qurumun fondu qısamuddətli layihə çərçivəsində qəzet və elektron KİV-i qidalandırsın. Əlində, futbolumuzun «sədri-əzəmi» zamanında addım atmışdı – premyer liqada adlı-sanlı, itmkanlı  klublar bir-birinin ardınca tarixin yaddaşına köçur, bəziləri böhran üzündən mətbuata yardımı dayandır, digərləri də büdcəyə qənaətə keçirlər. Belədə, ölkənin idman mediası əsas gəlirdən məhrum olmuş və böyük ölçüdə zəifləmək təhlükəsi ilə üzləşmişdi. «Bakı bulvar» mehmanxanasında, sonra Bakı olimpiya stadionunda qəzet və saytları bir ayara gətirən AFFA onları ümidləndirdi; qurumun yanında media komitəsi yarandı. Təqdir olunası məqşam, bu dəfə hər şeyə qərarı jurnalistlərin özü verməsiydi. Məsləhət bilindi ki, ildə bir dəfə yığışılsın və sonradan idarə heyəti adlanan seçkili işçi qrupu 7 üzvdən (birini «Boz ev» təyin etmək şərti ilə) ibarət olsun. Təşkilata Mahir Rüstəmli sədr seçildi. Bu il martda keçirilən AFFA icraiyyə komitəsinin növbəti toplantısında MK-nın fəaliyyətinə davam qərarı verildi. Ötən zaman ərzində qurum çox iş gördü.
Media komitəsinin araçılığı ilə yığmanın və klubların beynəlxalq səfər oyunlarını işıqlandırmaq baxımından az-çox ədalətli bölgü sistemi formalaşdı. Məhz belə oyunların işıqlandırılması üçün qurumun «feysbuk» səhifəsinin timsalında etibarlı informasiya qaynağı yarandı. Hər bir sayt və qəzet MK-nın səhifəsindən lazımınca yararlanır ki, buna görə səfərlərdə reportyor kimi çalışan İdarə Heyətinin üzvlərinə təşəkkür etməyə dəyər.

Media komitəsinin də yardımı ilə plagiat və istinad davalarının sayı xeyli azalıb, jurnalistlərin stadionlarda və konfrans salonlarında davranışı xeyli yaxşılaşıb, klublar və futbolçular ilə media arasında münaqişələrin məhkəməyə qədərki dövrdə, sülh yolu ilə həll etməyə qadir platfotma formalaşıb. Peşə bayramı günlərində və ilsonu bir araya gəlmək, başqa korporativ tədbirlər keçirmək üçün artıq başqa çətir axtarmağa ehtiyac yoxdur – media komitəsi bu yolda etibarlı tərəfdaşdır. İdman Jurnalistlərinin Peşə Davranışı Qaydalarının hazırlanması, dil kursunun təşkili, bir neçə gün sonra AzDBTİA ilə birgə təşkil olunacaq ikigünlük seminar, AFFA rəhbərliyi ilə birgə idman jurnalistlərinin bacarıqlı yeni nəslinin formalaşması yolunda nəzərdə tutulan tədbirlər – bütün bunlar ölkəmizin qəbul edəcəyi AÇ-2020 üçün hər baxımdan bacarıqlı jurnalist ordusunun yetişdirilməsinə xidmət edir.
Layihə iştirakçısı bəzən elementar tələblərə əməl etməyəndə qaydalar işə düşür: cərimələmə, «sarı vərəqə» göstərmək, layihə iştirakçılarının sıralarından uzaqlaşdırmaq və xəbərdarlıq.

Media komitəsinin idarə heyətinin sədri Mahir Rüstəmli durumun daha yaxşılaşdırmaq istiqamətində təklifləri var: «İşimizi daha yüksək səviyyədə qurmağa mane olan bir çox obyektiv və subyektiv səbəblər var. İlk növbədə, bu məqamı qeyd etmək istəyirəm ki, MK-nın idarə heyətinin üzvləri də gündəlik, praktik jurnalist fəaliyyəti ilə məşğuldu. Və bu məşğulluq problemləri daha çevik həll etməyə, daha tez-tez bir araya gəlməyə imkan vermir. İkinci məqam da var ki, bunun üzərində xüsusi dayanmaq istəyirəm. MK-nın ayrıca, xüsusi büdcəsi, sərəncamında hansısa vəsait yoxdu, biz, belə demək mümkünsə, AFFA-nın əlinə baxırıq. Bu çapda qurumlarda adi texniki detalın həlli isə bəzən günlərlə vaxt tələb edir. Üçüncü məqam: etiraf etmək lazımdı ki, həmkarlarımızda da tənbəllik var, bəzən adi köçürmə sənədləri üçün dəfələrlə elan verməyə, zəng etməyə, sosial şəbəkədə yazışmağa məcbur oluruq. Dördüncü məqam: başqa ölkələrdə olan MK tipli qurumların fəaliyyətini yerində öyrənmək üçün səfərlərə ehtiyacımız var. Təəssüf ki, indiyə qədər baş tutmayıb. Nəhayət, daha bir məqam odu ki, şəxsən mən MK-nı ayrıca ofisi olan, heç olmasa, xırda texniki məsələləri həll etmək üçün katib və ya katibə saxlamağa qadir qurum kimi təsəvvür etsəm də, bu da hələlik mümkün deyil. Bir sözlə, AFFA-nın baş katibi Elxan Məmmədovun da dediyi kimi, platforma var, amma onun üzərində möhkəm dayaqlar qurmaq lazımdır».

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan