LAYİHƏ
İdman mətbuatında «Futbol+qol» sözü

2002-ci ilin yanvarıydı. Axşam vaxtı «Sahil» metrosundan çıxıb Molokan bağına səmt aldım. Evə gedirdim. Yol piyada 15 dəqiqə idi. Onu xatırlamıram, nə üçün daha yaxın «Bakı soveti» və «Nizami» stansiyalarında düşməmişəm. Xülasə, bir qədər metrodan aralanmışdım ki, gördüm tələbə dövründən tanıdığım siyasi əqidə yoldaşım Rəşad Əliyev başı aşağı əks istiqamətlə gəlir. Məni görmürdü. Yanımdan ötüb keçirdi. Saxlamaq istəmirdim. Amma birdən ani sol əlim ona toxundu. Həyatımı dəyişəcək bu hadisə Maradonanın məşhur sözü olmasın, «Allahın əli»ydi. Ayaq saxladı, baxıb gülümsədi. Bir-birimizindən hal-əhval tutduq. Soruşanda nə işlə məşğulsan, dedim, idman mətbuatındayam, amma indi bir yerdə çalışmıram. Dedi, gəl «Futbol+qol» qəzetinə, orada korrektor işləyirəm, bizimkilər elə jurnalist axtarır. Məkanı soruşdum, yerini özlüyümdə dəqiq müəyyənləşdirdək sonra, ertəsi gün sevincək həmin nəşrin redaksiyasına yollandım. Rəşad məni kollektivlə tanış etdi.

Nəzərimdə, yalnız futbolu yazmağı tutmuşdum. Amma o vaxt yerli şöbənin müdiri Şahin Oğuz bildirdi ki, gənclər və idman nazirliyi ilə əlaqədə olan, qeyri-futboldan yazan əməkdaş yoxdur; işimi o istiqamətdə qurum, yeri gəldikdə, ölkə çempionatının oyunlarına gedib futbol yazarlarına da kömək edim. İlk vaxtlar bir az çətin oldu. Amma sağ olsun Bəxtiyar Məmmədov, mənə çox dəstək verdi, yol göstərdi və püxtələşməyimdə böyük rol oynadı. Sonra toplantılarda baş redaktor Vüqar Səfərli ilə tanış oldum. Zaman-zaman onun necə gözəl insan olduğunu gördüm. Sözsüz, Azərbaycan idman jurnalistikasının tarixi və ənənələri; iz qoyan adlar və mətbu orqanlarla bağlı layihə yazısında «Futbol+qol»a yer verməmək ədalətsizlik olardı. Nəşrin yaradıcısı, hazırda Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olan Vüqar Səfərli bu gün də qəzetin qayğısına qalır. Hazırda «Futbol+qol» idman qəzetləri arasında uzun müddətdə davamlı işıq üzü görən 3 qəzetdən («İdman» və «Futbol») biridir. Təcrübəli media mənsubu tələbələrlə görüşdə yeni nəslin yetişməsini daim önə çəkir:

«Fondun layihəsi çərçivəsində müxtəlif dövlət universitetlərin jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alan tələbələr müxtəlif qəzetlərdə təcrübəyə göndərilir. Onlar 5 ay müddətində müxtəlif qəzetlərdə praktika keçir və hər ay 100 manat məbləğində əmək haqqı alırlar. 5 aydan sonra onlar özlərini doğruldanlar və ya işləri ilə redaksiya rəhbərliyini qane edənlər, həmin qəzetdə işə qəbul olunurlar. Burada olan hər bir baş redaktor vaxtilə sizin kimi tələbə partası arxasında oturub. Siz öz intellektinizə, bilik və bacarığınıza güvənməlisiniz. Bu gün burda parta arxasında oturan tələbələr gələcəyin baş redaktorlarıdır».

Hazırda nəşrin redaksiyasında goal.az saytı da fəaliyyət göstərir. Bu portal yüksək tərtibatı ilə digərlərindən seçilir. Gündə yenilənən goal.az oxuculara həm daxili, həm də xarici xəbərlərini çatdırır. «Futbol+qol» AFFA yanında media komitəsinin üzvüdür. Nəşr vaxtaşırı KİVDF-dən maliyyə yardımı da alır.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan