İdmançılar kəndində qalib olimpiyaçılarımızla görüş

Buenos Ayres-2018-in İdmançılar kəndində Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Vaqif Əliyev olimpiyaçılarla görüşüb. Allsport.az saytı xəbər verir ki, fərqlənən idmançıları təbrik edən dövlət rəsmisi, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, oyunların tərkibində keçirilən fəaliyyət planı haqqında məlumat verərək idmançıları fəal şəkildə iştirak etməyə dəvət edib. Yeniyetmələrin 3-cü olimpiya oyunları çərçivəsində idmançılar və gənc səfirlər üçün keçirilən fəaliyyət planına ulduz idmançılarla görüş və idmançıların sosial mediada iştirakının artırılması ilə bağlı müxtəlif təlimlər daxildir.

“Yeniyetmələrin olimpiya oyunlarından olimpiya oyunlarına gedən yol” adlı təlimdə üzgüçü Çad le Klos (Cənubi Afrika Respublikası), venesuelalı velosipedçi Stefani Hernandez, İsrail triatlonçusu Ron Darmon və ABŞ-dan olan güləşçi Klarissa Çan ilə tanış olacaqlar. Həmçinin idmançıların təlim proqramı çərçivəsində müxtəlif mədəni tədbirlər keçiriləcək, idmançılar üçün idmandan kənar maarifləndirici proqramlar təşkil olunacaq. Dopinq və təmiz atletlər haqqında məlumat geniş tərkibdə idmançılara, həmçinin nümayəndə heyətlərinə çatdırılacaq.

Həmin kateqoriyadan