Ölkə başçısı Bakı Olimpiya Stadionu ətrafında yol-nəqliyyat infrastrukturu ilə tanış oldu

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub. Allsport.az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir.

Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən ikinci yolun ümumi uzunluğu 1 kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 3 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu 176 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 143 metrdir. Bundan başqa, uzunluğu 900 metrə yaxın olan piyada keçidi də inşa edilib, iki tunel tikilib.

Azərbaycan Prezidentinə Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görülən işlərlə də bağlı məlumat verildi.

Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın yol çəkilib. Bu yol boyunca da bir körpü və iki tunel tikilib. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirib.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Həmin kateqoriyadan