İlk gündə yeniyetmə və gənc karateçilərimiz 8 medal qazandılar

Azərbaycan karateçiləri İran İslam Respublikasında 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vurublar. Allsport.az federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Urmiyədə əvvəlcə yeniyetmə və gənclərin yarışına qatılan idmançılarımızdan Roman Heydərovla Həsən Rüstəmov (16-17 yaşlılar) kata yarışlarının finalında görüşüblər. Daha təcrübəli R.Heydərov turnirin qalibi olub. Hümmət Baxşəliyev (-57 kq) isə yeniyetmələr arasında çempion olub.

Yeniyetmələrdən Əli Quliyev (-70 kq), 16-17 yaşlı gənclərdən Mircəlal Ələsgərov (-55 kq), Elcan Məmmədrzayev (- 61 kq), İsa Məmmədov və Murad Balakişiyev (hər ikisi -68 kq) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə yeniyetmə və gənclərmiz 8 ölkə arasında İran komandasından sonra 2-ci yeri tutublar.

Yeniyetmələrin baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev komandanın durumu və perspektivi haqda nikbin fikirdədir: “Bu yarış dünya çempionatı qabağı bizim üçün çox önəmli idi. Belə beynəlxalq turnirlərdən sonra idmançıların çıxışlarının fərdi analizi aparılır. Noyabrda İndoneziyadakı dünya çempionatına hazırlıq mərhələsində üç yarış nəzərdə tutulub ki, bu turnirlərin nəticələrinə əsasən heyət təyin ediləcək. Ümidvaram ki, planlaşdırılan turnirlərdə iştirakımız baş tutacaq və payızda yeniyetmə və gənclərin mötəbər yarışından yüksək nəticə ilə dönə biləcəyik”.

Küveyt, Əfqanıstan, Türkiyə, Fransa və İraqın əsas komandalarının da qatıldığı “Urmiya Kuboku”nda ikinci yarış günü böyüklər arasında fərdi və komanda görüşləri olacaq. Ümumi mükafat fondu 30 min dollar olan turnirin fərdi döyüşlərindən əlavə Azərbaycan 2 kumite və 1 kata komandası ilə də təmsil olunacaq. Turnirdə əsas milli komandamızın bir neçə üzvü və əvəzedici heyətin idmançıları iştirak edir. Karateçilərimiz ayın 23-də vətənə dönəcəklər.

Həmin kateqoriyadan