Batı YAR
İlk qələbə ilk dəfə daha bir mərhələ ümidini artırdı

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

 

Avroliqada ikinci dəfə təmsil olunan Azərbaycan futbolunun ilk qləbəsi 9-cu oyunda mümkün oldu. Buna qədər «Neftçi» yalnız heç-heçələrlə kifayətlənmişdi. «Qarabağ» da ilk dəfə əldə etdiyi bu hüququ bir heç-heçə və bir məğlubiyyətlə başlamışdı. Lakin bu dəfə təmsilçimiz, gözlənildiyi kimi, Ukrayna «Dnipro»su ilə matçda ilk qələbə sevincini yaşadı, həm də buna səfərdə nail olmaqla, növbəti mərhələyə çıxmaq şansını artırmış oldu.

Üçüncü qarşılaşmada məğlub olacağı təqdirdə «Qarabağ»ın ümidləri ən aşağı həddə düşəcəkdi. Lakin inadlı oyun sayəsində səfərdə əldə olunan 3 xal indi böyük hesabları da aparmağa kömək edir. Üstəlik, nəzərə alaq ki, digər prinsipial rəqiblər yalnız heç-heçələrlə kifayətlənirlər. Belə olduqda, hər qələbənin qiyməti daha da artır.

Səfər görüşündə komandamızın əlahiddə oyun sayəsində qalib gəldiyini söyləmək olmaz. Bununla belə, Qurban Qurbanov rəqibinə daha qapalı oyun sürprizi etmişdi. Aydın görünürdü ki, ukraynalılar komandamızı təhlil edə bilmişdilər. Bununla belə, ev sahibinin də imkanları çox da böyük deyildi. Onlar matçı orta təzyiqli oyunla ilk qola qədər aparmaq istəyirdilər ki, tam əksi baş verdi. Əkshücumda albaniyalı futbolçumuzun fərdi ustalığının da böyük rol oynadığı epizodda hesabı açan «Qarabağ»ın, oyunun gedişinə əsasən, qələbə imkanı birəbeş artmış oldu.

Çox maraqlıdır ki, «Qarabağ» ikinci hissədə oyun tərzini haqlı olaraq dəyişməsə də, rəqib də elə bir əlahiddə yeniliyə əl atmadı. Bu isə komandamıza, geri çəkilməklə oyunun tempioni aşağı salmağa kömək etdi. Bundan savayı, ukraynalılar birxətli hücumlara üstünlük verdiklərindən, artığına da nail ola bilməzdilər. Yeri gəlmişkən, Avropa Liqasının 3-cü turunun rəmzi komandasına Ukraynanın məşhur «ua-futbol.com» saytı Rəşad Sadıqovun da adını salaraq, qələbədə Müərrəmin vurduğu qoldan çox, məhz stoperrimizin etibarlı oyununu və meydanda komandanı kifayət qədər inamla idarə etməsini qeyd edib.

Ukrayna mətbuatının izi ilə getsək, daha bir məqamı qeyd etmək lazımdır. Matçın ən doğru qiymətini də rəqibin sükançısı verib: «…belə deyək, «Qarabağ» bu gün daha çox qalib gəlmək istəyirdi».

Ümumiyyətlə, Ukraynada komandamızın layiqincə qiymətləndirilmədiyi həm mətbuatından, həm də sosial şəbəkələrindəki münasibətdən aydın görünürdü. Elə Ukraynanın «2+2» kanalına müsahibə verən Sergey Kravçenkoyda verilən suala cavabında bunu təsdiqləyir:
– Nəticəyə görə xəcalət çəkirsinizmi? Axı, Azərbaycan komandası Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazandı!
– Xəcələt çəkmək nə demək… Əlbəttə, qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirdik. «Qarabağ»a qalib gəlməli idik, hərçənd o, göründüyü qədər də zəif komanda deyil.

Bir sözlə, hər necə qazanılmasından, kiminsə münasibətindən asılı olmayaraq, klublarımızın Avropa Liqasındakı ilk qələbəsi həm də təmsilçimizin növbəti mərhələ üçün qapısını araladı. Qarşıdakı turda «Dnipro» üzərində daha bir qələbə bu ümidləri daha da möhkəmləndirə bilər. Lakin indidən aydındır ki, rəqib Bakıya tam fərqli üslub və tərzlə gələcək. «Qarabağ»ın məşqçi korpusu bunun üzərində düşünməli və rəqibi öz oyun tərzinin təsiri altına salaraq, istəyinə çatmalıdır.

Açığı, oyun planında da «Qarabağ»dan bir qədər fərqli oyun gözləyirdim. Görünür, ağdamlılar bu matçda qələbəyə daha yaxın olduqlarını düşünərək, necə deyərlər, sığortalı oynamağa qərar vermişdilər. Bu da təqdirəlayiq hal sayıla bilər. Klublarımızın görüşün gedişində taktiki dəyişikliklərə əl ata bilməməsi əvvəldən məlumdur. Amma belə oyunlarda, məncə, buna cəhd etməyə dəyər.

Hər halda, klublarımızın bu sınağını, daha bir imtahanı və ilk qələbə siftəsinin dərslərini araşdırmağa qarşıda daha çox vaxt olacaq. Ən əsası, «Qarabağ» belə bir qrupda uğurla mübarizə aparmaq imkanında olduğunu nümayiş etdirdi.

Həmin kateqoriyadan