İlqar İmamquliyev: “IL’Azero” dünyada patetnləşmiş bir brenddir

Son illər Azərbaycanda digər sahələrlə yanaşı, idman da sürətlə inkişaf edir. Allsport.az saytı xəbər verir ki, ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız mötəbər beynəlxalq turnirlərdə mühüm uğurlar qazanırlar. Beynəlxalq idman qurumları Avropa və dünya çempionatlarının, digər nüfuzlu yarışların Azərbaycanda təşkilinə tərəddüd etmədən razılıq verirlər. Standartları Bakıda müəyyənləşdirilən ilk Avropa və 4-cü İslam həmrəyliyi oyunlarını, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, Formula1 müvəffəqiyyətlə təşkil edib.
İdmanın inkişaf etdiyi ölkədə idman geyimləri üzrə brendin yaranması çox vacibdir. Bu baxımdan ölkəmizdə yeni yaradılan “IL’Azero” Azərbaycanın ilk milli idman geyimləri brendidir. Azərtac.az-ın əməkdaşı “Bir azərbaycanlı”nın yaranması, fəaliyyəti və perspektiv planları barədə şirkətin təsisçisi İlqar İmamquliyevdən müsahibə alıb.

– “IL’Azero”nun yaradılması ideyası necə ortaya çıxdı?
– Uzun illərdir idmandayam. Beş il ərzində “Rabitə” voleybol klubunun idman direktoru vəzifəsində çalışmışam. Hazırda kişi voleybolçulardan ibarət milli komandanın meneceriyəm. Hər mövsüm komandamız üçün idman geyimləri sifariş edilirdi. Ancaq sifarişlərimiz istədiyimiz kimi olmurdu. Moda və estetikanı çox sevirəm. Bəzən öz etirazımı şirkətlərə bildirirdim. İllər keçdikdən sonra fikirləşdim ki, Azərbaycanın özünəməxsus idman brendi yoxdur. Yaxşı bir ilk olmaq istədik. Bunun üçün bəlli bir müddətə ehtiyac oldu. Şirkətimiz iki ildir qurulub. Ötən ilin sonunda kişi voleybolçulardan ibarət “Sərhədçi” komandası kolleksiyamızdan istifadə edib. Məhsullarımız ictimaiyyətə cari ilin may-iyun aylarında təqdim olunub.

– Ad olaraq niyə məhz bunu seçdiniz?
– Voleybolda çalışdığım müddətdə mənim ləqəbim “Azero” idi. İspan və italyan dillərində danışdığım üçün bu ləqəbi seçmişdim. “Azero” – italyan dilində azərbaycanlı deməkdir. Məni də İlqar Azero kimi tanıyırdılar, yəni, azərbaycanlı İlqar. Belə fikirləşdim ki, şirkətin adını bu iki sözdən istifadə edərək qoymaq olar. Şirkətin adında azərbaycançılıq elementlərinə önəm verməyi çox istəyirdim. Düşünürəm ki, buna nail oldum. Əsas hədəfim dünyanın tanınmış idmançılarının şirkətimizin məhsullarından istifadə etməsinə nail olmaq idi. Azda olsa, bunun öhdəsindən gəldim. Fikirləşin, ABŞ-ın, Tailandın və digər ölkələrin güclü voleybolçuları Azərbaycana məxsus brendin geyimlərindən istifadə edirlər. Bu, həqiqətən çox qürürverici hissdir. “IL’Azero”nun italyan dilindən tərcüməsi “bir azərbaycanlı” deməkdir. Düşünürəm ki, ad seçimi uğurlu olub. “IL’Azero” dünyada patetnləşmiş bir brenddir. “IL’Azero” şirkət olaraq, Azərbaycanda və Polşada qeydiyyatdan keçib.

– Şirkətinizin məhsullarında hansı ornament və üslublardan istifadə edirsiniz?
– Kolleksiyamızda Azərbaycanın bir çox ornamentlərindən istifadə edilir. Üçrəngli bayrağımızın kiçik hissələrini “IL’Azero”nun rəmzinə çevirmişik. Həmçinin bu simvolika geyimlərin qol, boyunun ön və arxa hissələrində istifadə olunur. Azərbaycan bayrağının rənglərini qeyri-adi tərzdə – ildırım, buta və digər formalarda geyimlərdə həkk edirik və bunun ictimaiyyət tərəfindən maraqla qarşılandığının şahidi oluruq. Vətənpərvər insan olduğum üçün ornamentlərimizin kolleksiyada üstünlük təşkil etməsinə çalışıram. Üçrəngli bayrağımızın ornamentlərindən istifadə edərkən böyük həyəcan hissi keçirirəm. Bundan zövq alsam da, nə qədər böyük məsuliyyət daşıdığımın fərqindəyəm.
Zövqlü geyinməyi çox xoşlayıram. Dizaynları şəxsən özüm hazırlayıram. Yaxşı rəssam olmasam da, fikrimi kağız üzərinə məharətlə köçürürəm. Qrafik-dizeynerlərimizin əməyi nəticəsində ideyamın əksi kompüterdə hazırlanır. Daha sonra müəyyən düzəlişlərimizi edirik. Son kolleksiyamızı gənc və istedadlı dizayner Lalə Əliyeva ilə birgə hazırlayırıq. Təhminə Mayılovanı da xüsusi vurğulamaq lazımdır. Təhminə xanım geyimlərin üzərində qaşlarla işləmələr edir. Yaxın vaxtlarda idman geyimində qaşlarla işlənmiş bir-iki qeyri-adi məhsulumuzu təqdim edəcəyik.
Şirkətimizdə avropalı dizaynerlər də çalışırlar. Onlar öz işlərinin peşəkarlarıdır. Polşa Avropada tekstilin beşiyi sayılır. “IL’Azero”nun bütün məhsulları Polşada istehsal olunur. Məhsullarımızı Avropa keyfiyyəti ilə ictimaiyyətə təqdim edirik.

– İstərdik, bir qədər də “IL’Azero”nun məhsullarının istifadəçilərindən danışaq. İstifadəçilərinizdən razısınızmı?
– Ölkəmizdə “IL’Azero”nun məhsullarından istifadə edən kifayət qədər məşhur idmançılar var. Üçqat dünya çempionu Hacı Əliyev, eləcə də Cəbrayıl Həsənov, Vüqar Kərəmov, Tofiq Musayev, Rövşən Xəlilov, Ramil Əhməd, Fuad Quluzadə, voleybolçularımızın əksəriyyəti şirkətimizin məhsullarından istifadə edirlər. İlk növbədə, bütün dostlarıma təşəkkür edirəm ki, bizə dəstək oldular. İdmançılar ilə yanaşı, muğənnilərimiz də həmişə bizə dəstək verirlər. Şirkətimizin siması millimizin voleybolçusu Yelizaveta Səmədovadır. Tanınmış müğənnilərimiz bizim məhsulları geyərək sosial şəbəkələrdə dəstəklərini nümayiş etdirirlər. Xüsusilə, Nura Surinin və Abbas Bağırovun dəstəyini xüsusi vurğulamalıyam.
Əcnəbi oyunçular da “IL’Azero”nun məhsullarından istifadə edirlər. Bunların arasında Çempionlar Liqasının ən dəyərli oyunçusu Markus Nilson, dünyanın ən yaxşı oyun qurucusu tailandlı Tomkom Nutsara, voleybolun Ronaldosu sayılan koreyalı Kim Yan-Konq yer alıb. Həmçinin ukraynalı voleybolçu Anna Stepaniuk, məşhur Molodtsova bacıları, Rusiya və Ukrayna millisinin bəzi üzvləri məhsullarımızdan yararlanırlar.
Kişi və qadın voleybolçulardan ibarət milli komandalarımız, “Sərhədçi” voleybol klubu şirkətimizdən geyinir. Qeyd edim ki, millimiz Avropa çempionatının seçmə mərhələsinə və Avropa Liqası yarışlarına “IL’Azero”da çıxıb. Turnirin gedişində İsveç komandasından əməkdaşlıqla bağlı təklif aldıq. Həmçinin Yunanıstan Voleybol Federasiyasının prezidenti ilə görüşümüz olub. Federasiya rəhbəri şirkətimizin məhsullarını yüksək qiymətləndirib və əməkdaşlığın vacibliyini qeyd edib. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Yaxın vaxtlarda yerli klublarla birgə müxtəlif layihələr həyata keçiriləcək. Hazırda Yaponiyada dünya çempionatında çıxış edən millimizin məşq forması “IL’Azero”dandır. Həmçinin Yaponiyada “IL’Azero”nun məhsullarının məşhur voleybolçularla fotosessiyası da təşkil olunacaq. Əsas hədəfimiz beynəlxalq arenada tanınmaq və Azərbaycanı təmsil etməkdir. Hədəfimiz Azərbaycan millisini “Tokio-2020” Yay Olimpiya Oyunlarına “IL’Azero”nun geyimlərində yola salmaqdır. Bir də ən böyük arzum “Qarabağ” klubunun futbolçularını “IL’Azero”dan geyindirməkdir. Çox istərdim ki, onların geyimində Qarabağ ornamentlərindən istifadə edim.

– Sizin məhsullarını haradan əldə etmək mümkündür?
– Hazırda vahid satış mərkəzimiz yoxdur. Məhsullarımızı sadəcə onlayn qaydada əldə etmək mümkündür. Artıq böyük mağazalarında sifarişlər almışıq. Ümid edirəm ki, yaxın zamanda şəhərimizin brend mağazalarında məhsullarımızı əldə etmək mümkün olacaq.

Həmin kateqoriyadan