“İnanıram ki, başqa qitədə döyüşmək bizim üçün heç bir maneə törətməyəcək”

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci mövsümü ilə əlaqədar mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda “Baku Fires”ın baş meneceri Rizvan Gənciyev yeni mövsümün çətin və məsuliyyətli olacağını diqqətə çatdırıb. O, komandanın heyətində edilən dəyişikliklərdən danışıb:

“Bəzi boksçular göndərilib, yeni məşqçi, həkim dəvət olunub. Sergey Korçinski artıq məşqçi kimi bizə kömək edəcək. İndi komandada olan boksçuların əksəriyyəti yığma komandanın bir nömrəsidir. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da çıxış etmək istəyirik. Həmçinin hazırkı yarışda komandadan 2016-cı il Rio Olimpiadasına 10 lisenziya gözləyirəm. Kimlərə ümid bəslədiyimi desəm, digərlərinin qəlbinə dəyə bilər. Ona görə də əvvəlcədən demək istəmirəm. Ola bilər ki, mən lisenziya gözlədiyim boksçumuz uğur qazanmaz Ancaq ümid bəsləmədiyimiz idmançı Braziliyada keçiriləcək olimpiadaya lisenziya qazana bilər”.

“Baku Fires”in qrupdakı rəqiblərini dəyərləndirən baş menecer okeanın o tayına uzaq səfərlərin olacağını qeyd edib. Gənciyev bunun komandanın çıxışında problem yaratmayacağını söyləyib: “Rəqiblərimiz çox güclüdür, amma biz hər bir rəqibə qarşı hazılaşacağıq. Fevralda bizim Mayamidə görüşümüz var. Bir neçə gündən sonra Argentinaya yeni səfər olacaq, amma Bakıya qayıtmayacağıq. Birbaşa həmin səfərə yola düşəcəyik. İnanıram ki, başqa qitədə döyüşmək bizim üçün heç bir maneə törətməyəcək”.

Baş menecerlərin çıxışından sonra çəki mərasimi keçirilib. Döyüşçülər öz çəkilərini təsdiqləmək üçün tərəziyə çıxıblar. Qeyd edək ki, WSB Liqasında 16 komanda iki qrupda mübarizə aparacaq. Komandamız “B” qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

“A” qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Həmin kateqoriyadan