Mehman SÜLEYMANOV
İntuitsiya mənə deyir ki…

Mehman Süleymanov | mehman.s-1979@mail.ru

Milli komandamızın hər rəsmi oyunundan sonra böyük müzakirələrin olmasına artıq adət etmişik. Əslində, burada qeyri-adi heç nə yoxdur. Yığma “ölkənin 1 nömrəli komandası”dırsa, ona xüsusi diqqətin olması normal şeydir. Özü də millinin uğurlu çıxışını hamımız istədiyimizdən, biganə yanaşa bilmərik. Mən də stadiondan izlədiyim Azərbaycan – Malta oyunu, xorvat yeni baş məşqçimiz Robert Prosineçkinin rəsmi debütü haqda təəssüratlarımı bölüşmək istədim.

Hissiyyatım məni aldatmasın

Yaxşı deyiblər ki, qalibi mühakimə etmirlər. Bu mənada rəqib nə qədər zəif sayılsa belə, Prosineçkini kor-koranə tənqid etmək doğru olmaz. Üstəlik, 46 yaşlı xorvat mütəxəssis artıq adını millimizin tarixinə yazdırıb. Bu da cari seçmə mərhələdə ilk qələbə qazanan, əsas yığmamızın 23 illik tarixində rəsmi oyunda debütü qalibiyyətlə gerçəkləşən ilk baş məşqçi olmasıdır. Bəli, onunla da razıyam ki, bir oyun ciddi nəticə çıxartmağa əsas vermir və bir az gözləmək lazımdır. Sadəcə, işə uğurla başlamağın özü artıq bir işdir və gələcəyə ümidlə baxmalısan. Bu yerdə bəziləri məni qınaya bilər ki, onsuz da hər yeni baş məşqçi gələndə ümidlə baxırıq. Ancaq intuitsiya (hər halda, balıqlar bürcünün nümayəndəsiyəm) mənə deyir ki, millimiz Prosineçkiylə tam yeni bir mərhələyə qədəm qoyacaq və bu, yaxşı nəticə verəcək. Ümidvaram ki, hissiyyatım məni aldatmayacaq.

Emosional Robi

Robi təxəllüslü Prosineçkinin “texniki zona”da emosionallığı diqqətimi çəkdi. O, 90 dəqiqə oturmadı, çılğınlığı ilə yadda qaldı. Hətta bir epizodda elə narazı oldu ki, az qala pencəyini çıxarıb yerə atacaqdı. Mənə görə xorvat mütəxəssis millimizin çalışdırıcları arasında “texniki zona”da ən çılğınıdır. Öz aramızdır, onun matçlar zamanı emosional hərəkətləri fotoqraflar üçün yaxşı, fərqli, qeyri-adi kadrlar tutmaq üçün yaxşı imkandır.
Adətən komandada uğursuzluq olanda, “yeni nəfəs, yeni qan lazımdır” deyirlər. Həqiqətən də milliyə yeni nəsəf gəldiyi hiss olunurdu. Baş məşqçinin cəsarətli olması sanki futbolçulara da aşılanmışdı və onlar da cəsarətli idilər. Sabiq baş məşqçi Berti Foqtsun dövründəki komandadan meydanda əsər-əlamət yox idi. Almaniyalı mütəxəssisin dövründə hətta rəqib zəif olsa belə 90 dəqiqə müdafiə olunmaq, cansıxıcı oyun adamı lap yormuşdu. Axı nə qədər eyni futbolu görəsən…Yəqin, Foqts müdafiəçi, Prosineçki isə hücumameylli yarımmüdafiəçi olduğundan, onların futbol fəlsəfəsi tam fərqlidir və bu, məşqçiliklərində özünü aşkar göstərir.

Abışov üçün rəqabət

Təbii ki, “Qəbələ Ik Qəzeti“nin nümayəndəsi kimi bu oyunda komandamızın futbolçularının çıxışı mənim üçün xüsusi önəm kəsb edirdi. Ancaq kapitanımız Ruslan Abışov ehtiyatda qaldığına görə çıxışına qiymət verə bilmirəm. Abışovun milliyə çağırıldığı vaxtlar meydana çıxmamasının nadir hallarda baş verdiyini nəzərə alsaq, oynamaması gözlənilməz oldu. Ancaq digər tərəfdən, Prosineçkinin qərarını belə izah edərdim ki, o, müdafiənin mərkəzində Rəşad Sadıqov – Bədavi Hüseynov duetini görür. Bu da ilk növbədə onların eyni klubda uzun illərdir bir yerdə oynamaları və “Qarabağ”la avrokuboklarda çətin sınaqdan üzüağ çıxmalarıdır. Düzdür, Abışov Foqtsun dövründə çox vaxt dayaq yarımmüadfiəçisi kimi çıxış edib. Ancaq Ruslan artıq “Qəbələ”də də xeyli vaxtdır müdafiənin mərkəzində oynayır və burada özünü daha yaxşı hiss etdiyini bildirir. Görünür, çempionat oyunlarını daim izləyən Prosineçki də Abışovu millidə mərkəz müdafiəçisi kimi görür. Deməli, kapitanımız millidə bu mövqedə ciddi rəqabət gözləyir.

Cavidə görə çox sevindim

Cavidin uğurlu oyunu Ruslanın kənarda qalmasını sanki unutdurdu. Millimizin tarixində ən erkən qollardan birinin müəllifi olan futbolçumuza görə çox sevindim. Axı ki Hüseynov millidə əsas heyətdə, özü də 90 dəqiqə oynadı və ehtiyatda qalmağa layiq olmadığını göstərdi. Əslində, onu milliyə 2008-ci ildə – 20 yaşında “İnter”də oynayarkən məhz Foqts gətirsə də, tam güvənmədi. Nəticədə Cavidin start heyətində kənarda qalmasına və yalnız ikinci hissədə meydana çıxmasına (bəzən isə ümumiyyətlə, oynamamasına) şəxsən mən adət etmişdim. Ancaq Prosineçki vitse-kapitanımıza inandı və o da etimadı layiqincə doğrultdu. Özü də Hüseynovu daha çox cinah yarımmüdafiəçisi kimi görsək də, o, bu dəfə mərkəz yarımmüdafiəçisi kimi çıxış etdi və millidə oyun qurucusu kimi ilk sınağından üzüağ çıxdı. Bununla da Cavid universal oyunçu və hazırda Azərbaycanda ən yaxşı formada olan futbolçulardan biri olduğunu göstərdi. Prosineçki nahaqdan onu oyun sonrası mətbuat konfransında tərifləməyib ki…

Adlar önəmli deyil

Xorvat çalışdırıcı onun üçün adların önəmli olmadığını göstərir. O. “Neftçi”dən heç kimi dəvət etmədi ki, belə praktikanın olması şəxsən mənim yadıma gəlmir. Prosineçki Türkiyədə legioner həyatı yaşayan Mahir Şükürovla Vaqif Cavadovu çağırsa da, onlara 1 dəqiqə belə şans vermədi. Hərçənd, əvvəlki dövr olsaydı, onlar dərhal start heyətində olacaq, ən pis halda, 2-ci hissədə meydana çıxacaqdılar.
Millimizin heyətinin xeyli gəncləşməsi diqqət çəkməyə bilməz. Maltaya qarşı oynayanlardan kapitan Rəşadı çıxmaq şərtilə yaşı 30-u keçən yoxdur. Millidə birdən-birə 3 futbolçu – Namiq Ələsgərov, Ruslan Qurbanov və Eddi İsrafilov debüt etdi ki, bu da hər zaman olmur. “Qarabağ”a gələndən sonra istedadı açılan 20 yaşlı Ələsgərovun millidə əsas heyətdə möhkəmlənmək perspektivinin böyük olduğunu sayıram. Əvvəlcə “Şaxtyor”a qol vuran, bu dəfə isə Cavidə məhsuldar ötürmə edən Namiq sadəcə, bəxstsizlik üzündən zədələnərək tez əvəzləndi və uzun müddətə sıradan çıxdı.
Maraqlıdır ki, Prosineçkinin meydana buraxdığı futbolçulardan heç biri Azərbaycanda doğulan deyillər – Ruslan Qurbanov Rusiyada, Dmitri Nazarov Qazaxıstanda, Eddi İsrafilov isə İspaniyada dünyaya gəlib. Cari seçmə mərhələdə bombardirimiz olan Nazarov Foqtsun vaxtında Almaniyadan gətirilən milliləşdirilən legionerlər arasında ən yararlı olduğunu göstərir. Prosineçkinin vətənində – “Hayduk”da icarədə oynayan, artıq qol da vuran Qurbanov yaxşı təsir bağışladı. Özü də gənc futbolçu həm yarımmüdafiənin cinahlarında, həm də hücumda oynaya bilir. “Qranada”lı İsrafilov isə İspaniya Primerosu futbolçusu kimi özünü göstərməsə də, hər halda, meydanda çox az olduğunu nəzərə alaq.

Ağrılı sol cinah

Məncə, Prosineçinin komandasında ciddi rəqabət olacaq. Kamran Ağayevi gənc həmkarları Səlahət Ağayev və Emil Balayevlə ciddi rəqabət gözləyir. U-21-in sabiq qapıçıları Andrey Popoviçlə Aqil Məmmədov da milliyə real namizədlərdir. Müdafiənin sağında Maksim Medvedevin olması ilə “Qarabağ” səddi” yaranır. Yəni bir klubdan 3 futbolçunun bir xətdə oynaması ən azı anlaşma baxımından yaxşıdır.
Sadəcə, sol cinah ağrılı yerimiz olaraq qalır. Hələ Foqtsun vaxtından sol cinah müdafiəçisi, bu mövqedə solaxay futbolçu axtarılır. Arif öz klubu “İnter”də solda oynasa da, bu, daha çox məcburiyyətindən atılıb. Yəni o, əslində, sağ cinah müdafiəçisidir, sadəcə, limitə görə sola çəkilib. Daşdəmirovun qarşısında oynayan, sol cinah yarımmüdafiəçi Əfran İsmayılov da onunla eyni klubdandır. Ancaq biz gözümüzü açandan Əfranı yarımmüdafiənin sağında görmüşük. Orada özünü rahat hiss edən İsmayılovun solda özünü necə narahat hiss etdiyi, oyununun alınmadığı görünürdü. Praktika göstərir ki, sol ayağı işlək olmayan futbolçunun sol cinahda işi çətin olur. Son nəticədə Prosineçki İsmayılovu Nazarovla əvəzlədi və o da çıxıb qolunu vurdu.
Elə alındı ki, ilk rəsmi qələbədə hər iki qolumuza yarımmüdafiəçilər imza atdı. Ümumiyyətlə, cari seçmə mərhələdə hücumçularımız hələ ki fərlqənə bilməyiblər. Artıq millyə çağırılmayan Rauf Əliyevdən sonra mərkəz hücumçuları rəqib qapısına yol tapa bilməyib. Prosineçki bu mövqedə Vüqar Nadirova şans verir və şəxsən mən buna yaxşı baxıram. Vüqarı uzun illərdir “Qarabağ”dan, elə millidən də cinah yarımmüdafiəçisi kimi görsək də, onun karyerasına məhz mərkəz hücumçusu kimi başladığını unutmaq olmaz. Yaxşı sürəti, güclü zərbələri olan Nadirova ən azı bir müddət məhz hücumun mərkəzində şans vermək lazımdır. Onsuz da yarımmüdafiədə, onun cinahlarında oynamağa yetərincə futbolçu var.
Bu, Prosineçkili millinin ilk sınağı haqda düşüncələrim idi. Ümidvaram ki, onunla davam uğurlu olacaq və növbəti dəfə də yığma mövzusuna pozitiv planda toxunacağam.

Həmin kateqoriyadan