İranə Əhmədova: Könüllülərimiz formula1-də yaradılan imkandan faydalana bilirlər

Bakı Şəhər Halqası əməliyyat şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, həmkarımızla söhbətdə son dövrdə könüllülük hərəkatının inkişafından, formula1 yarışında xüsusi rolundan danışıb.

– Könüllülər yarışların keçirilməsində əvəzolunmaz rol oynayırlar. Biz könüllülərimizə hər zaman dəyər veririk və onların əməyini ən yüksək səviyyədə qiymətləndirməyə çalışırıq. Könüllülərimiz üçün xüsusi olaraq BŞH Akademiyası yaradılıb ki, burada könüllülərimizin fərdi və peşəkar inkişafına xüsusi diqqət yetirilir, onlar üçün dil kursları təşkil edilir və eyni zamanda könülülərimiz kitabxanamızdan da yararlanmaq imkanı əldə edirlər. Könüllülərimizin böyük hissəsi gənclərdən ibarətdir və biz gənclərimizi inkişaf etdirməklə eyni zamanda ölkədə aparılan gənclər proqramına da öz dəstəyimizi göstərmiş oluruq. Bu, bizim dəyərlərimizdən biridir və bu istiqamətdə effektiv işin aparılması üçün əlimizdən gələni edirik. Düşünürəm ki, könüllülərimiz də bizim onlara verdiyimiz bu dəyəri hiss edirlər. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycan qran-prisinin Könüllülər Proqramını elan etdikdən 13 gün sonra proqrama müraciətləri dayandırmalı olduq. Deyə bilərəm ki, Azərbaycanda rekord göstərici ilə 13 gün ərzində 12000-dən çox insan məhz Azərbaycan qran-prisinin könüllüsü olmaq üçün müraciət etdi və hazırda onların müsahibə prosesi davam etməkdədir.

– Könüllülük təcrübəsinə sahib bacarıqlı gənclər müxtəlif sahələrdə asanlıqla iş imkanı əldə edirlər. Bakı Şəhər Halqasında belə işçilər varmı? Ümumiyyətlə könüllülər BŞH-dakı könüllü fəaliyyətindən sonra iş ilə təmin olunurlarmı?
– Əminliklə qeyd edə bilərəm ki, Bakı Şəhər Halqasında belə gənclər yetərincədir. Ümumiyyətlə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Təsadüfi deyildir ki, 2016-cı il Avropa qran-prisi və digər tədbirlərdə könüllü olmuş 50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. Biz bir daha əmin olduq ki, könüllülük gənclərimizə böyük təcrübə qazandırır və onları gələcəyə peşəkar səviyyədə hazırlayır. Daha öncə öz sahələrində qazandıqları könüllülük təcrübəsi gənclərimizin effektiv işlərində onlara çox yardımçı olur. Hər bir könüllü öz fəaliyyəti müddətində fərqləndiyi təqdirdə tərəfimizdən diqqətə götürülür və onun üçün gələcəkdə komandamıza qoşulmaq imkanları yaradılır.

– Ötən mövsüm seçilən və işlərində fərqlənən könüllülər İtaliya qran-prisinə səfər şansı qazandı. Bu il də könüllüləri belə bir sürpriz gözləyirmi?
– İtaliya qran-prisinə səfər imkanı qazanan könüllülərimiz üçün bu gözlənilməz sürpriz oldu. Seçilən 5 könüllümüz İtaliyadan böyük təəssüratlarla qayıtdı. Bu il də könüllülərimiz üçün xüsusi sürpriz təşkil ediləcək. Könüllülərimiz Monako qran-prisində tamaşaçı kimi iştirak şansı əldə edəcəklər. Bildiyiniz kimi, Monakoda da Azərbaycan qran-prisi kimi yarış şəhər trekində keçirilir və hər iki şəhərdə oxşar əməliyyatlar aparılır. Düşünürük ki, Monako qran-prisinə səfər etməklə könüllülərimiz eyni zamanda öz təcrübələrini artırmış olacaqlar. Əminəm ki, bu səfər də könüllülərimiz tərəfindən böyük maraqla qarşılanacaq.

– Hansı könüllülər Monako qran-prisinə səfər şansı əldə edə biləcəklər?
– Biz bu istiqamətdə xüsusi qaydalar hazırlamışıq. Məhz yarışlar və yarışlara qədər olan müddətdə fəal olan, sosial şəbəkələrdə könüllülüklə bağlı davamlı paylaşımlar edən, tərəfimizdən təşkil edilən təlim və seminarlara qoşulan, öz işində fərqlənməyi bacaran könüllülərimiz üçün xüsusi imtahan təşkil ediləcək və ümumi qiymətləndirmədə fərqlənən 5 könüllü Monako qran-prisinə səfər şansı əldə edəcək.

– Həqiqətən də BŞH Akademiyası olaraq könüllülər üçün əvəzolunmaz işlər həyata keçirirsiniz. Beynəlxalq Könüllülər Günündə könüllülərinizə nə arzulayırsınız?
– İlk olaraq könüllülərimizi təbrik edirəm və bildirmək istəyirəm ki, könüllülük onların həyatında yeni və ən uğurlu başlanğıcdır. BŞH Akademiyası olaraq biz hər zaman könüllülərimizin inkişafı istiqamətində çalışacağıq. Könüllülərimizi də hər zaman fəal olmağa və daim öz üzərində işləyərək daha da inkişaf etməyə dəvət edirəm. Könüllülər gənclərdir, gənclər isə bizim gələcəyimizdir!

Həmin kateqoriyadan