İslam həmrəyliyi oyunları AzTV-də yayımlanacaq

12-22 mayda Bakıda keçiriləcək İslam oyunların “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən yayımlacaq. Allsport.az saytı xəbər verir ki, razılaşmaya görə AzTV və “İdman Azərbaycan” kanalı Bakı-2017 ilə  əlaqədar yayım materiallarından aşağıda qeyd olunan şərtlər əsasında məxsusi istifadə hüququna malik olacaq:

* Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması

* Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram

* Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması

* Oyunlar haqqında iki saatlıq proqram

AzTV-nin sədr müavini Elsevər Dünyamalıyev elan haqqında danışarkən qeyd edib: “Biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını Azərbaycan xalqına çatdıracağımız üçün qürur duyuruq.

Ölkəmizdə keçirilən iri miqyaslı mötəbər tədbirlər AzTV və İdman Azərbaycan kanalları vasitəsi ilə daim yüksək səviyyədə yayımlanıb. İslam həmrəyliyi oyunları da istisna təşkil etmir. Bu oyunları yayımlamaqla tək Azərbaycanda deyil, bütün İslam dünyasında İslam həmrəyliyi ruhunu çatdıracayıq. IV İslam Həmrəyliyi oyunları heyrətamiz beynəlxalq idman tədbiri olması ilə seçiləcək.”

Bakı 2017-nin korporativ direktoru Elçin Səfərov əlavə edib: “Biz Azərbaycanın aparıcı yayım şirkəti AzTV ilə çox böyük məmnuniyyətlə tərəfdaşlıq edirik. AzTV ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərin yayımlanması istiqamətində böyük və zəngin təcrübəyə malik kanaldır.”

AzTV ev sahibliyi edən ölkənin yayım hüququ olan şirkəti kimi İslam həmrəyliyi oyunlarının bütün Azərbaycanda yayımlanmasını təmin edəcək.

Həmin kateqoriyadan