İslandiya millisinin qapıçısı “Qarabağ”la 2-illik sözləşdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” bu dəfə qapı xəttini gücləndirib. Allsport.az saytı xəbər verir ki, komandamız İslandiya millisinin üzvü Hannes Tur Halldorssonla 2-illik müqavilə bağlayıb. Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper, tibbi müayinədən keçdikdən sonra rəsmən anlaşıb.

Yeni transferimiz karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra “KR” (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

O, 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatının final mərhələsində çıxış edib.Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

Hannes Dünya Kuboku-2018 seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu görüşlərdə 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb. Həmin 11-metrlik zərbəni vuran argentinalı Lionel Messi olub.

Həmin kateqoriyadan