İsmayıl İsmayılov: Azərbaycan güləşi dünyada özünəməxsus yer tutur

Bakı idman sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə yeniye sərbəst və yunan-Roma güləşşilərinin 22-ci açıq ölkə yarışının açılışı olub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərasimində çıxış edərək, Azərbaycan prezidenti İlham Əliyevin bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir və bu növləri arasında güləş özünəməxsus yer tutur. Ötən il ölkəmiz 50-dən artıq beynəlxalq turnirə ev sahibliyi edib.

Güləşin tarixən Azərbaycanda ən geniş yayılmış idman növlərindən biri olduğunu deyən milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər yüksək nailiyyətlərə göstərilib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Güləş federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb və qeyd edib ki, bu sınaq ölkəmizdə keçiriləcək Avropa gənclər olimpiya festivalına seçimdir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Açılış bədii hissə ilə davam edib. Tədbir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

İyulda Bakıda təşkil olunacaq Avropa gənclər olimpiya festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcələri üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.

Həmin kateqoriyadan