«İstəyimə çatana qədər, çox şeydən imtina edəcəyəm»

13-15 dekabrda sərbəst və yunan-Roma güləşçiləri arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytının məlumatına görə, yarış “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq. Yığma komandamızın bütün üzvləri bu sınağa səylə hazırlaşırlar. Millinin 57 kq-da liderlərindən sayılan Mahmud Məhəmmədov bizə açıqlamasında deyib ki, məqsədi, ölkə çempionatında birinci olmaqdır:

«Daxili mübarizədə öz çəkimdə «ən yaxşı» olduğumu göstərməliyəm. Əsas rəqibim Yaşar Əliyevdir. Ondan başqa bir neçə perspektivli gənc də var. Gələn mövsümlə bağlı böyük planları var. Amma ilk öncə, doğmaları və federasiyaya sübut etməliyəm ki, dünyada «bir nömrə» olmağa hazıram. Bunun üçün, Fransada və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda, üstəlik, Dünya Kubokunda uğurlu çıxış etməliyəm. Zamanı gəlincə, məşqçilər korpusu bu sınaqların hansında çıxış edəcəyimi müəyyələnləşdirəcək. İstəyimə çatana qədər, çox şeydən imtina edəcəyəm.

Təbii ki, gələn ilin ən böyük yarışı Bakıda keçiriləcək ilk Avropa Oyunları olacaq. 2010-cu ildə, evdə, qitə çempionatında doğmalarımı, federasiyanı və azarkeşləri necə sevindirdimsə, bundan sonra da həmin anları Azərbaycana bəxş etmək istəyirəm.

Sözsüz, lisenziyalı dünya çempionatında uğursuz çıxış edərək, London Oyunlarına düşə bilməməyimi də heç vaxt unutmuram. Ki, harada səhv etdim, niyə olimpiadada mübarizə apara bilmədim. Bundan sonra maksimum səylə çalışıb, valideynlərimin və Güləş federasiyasının mənə göstərdiyi dəstəyi, etimadı yenə doğruldacağam.

Təcrübəli pəhləvan yekunda məşqçilər heyətinə və həmkarlarına təşəkkür edib. Deyib ki, hazırlıqları yüksək səviyyədə keçib: «Ölkə çempionatına hazırlığımız davam edir. Çox yaxşı təlim-məşq toplanışı keçmişik. Məşqçilərimiz Saypulla Absəidov, Firdovsi Umudov və David Qurdsiyaya, eləcə də, həkim və massajçımıza minnətdaram. Köməyə görə gənc mütəxəssislərimiz və uşaqlara da təşəkkür edirəm. Komanda adından Almadiyadan olan Svenə «çox sağol» deyirəm. Həmçinin, bizim hazırlığımızıda iştirak etdikləri üçün, yunan-Roma güləşində olan həmkarlarıma da təşəkkür minnətdaram».

Həmin kateqoriyadan