İLK
Jalə Piriyeva: İstedadı olan bədii gimnastikada deyil, boksda da olimpiadaya vəsiqə qazana bilər

Onu bədii gimnastikadan tanıyırıq: Jalə Piriyeva – 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında yuniorlarda haqla ilə hərəkətin gümüş, komanda yarışının bürünc medalçısı, elə həmin il klublararası dünya çempionatında «Ocaq Sport»la  3-cü yerin sahibəsi. Beynəlxalq yarışlarda da uğuru çoxdur. Amma diqqət çəkən nəticələrindən biri, 2 il öncə ölkə çempionatında çoxnövçülükdə millinin öncülü Marina Durundanı geridə qoyaran qalib adını qazanmasıdır. Sözsüz, həmin qələbə baş məşqçi Mariana Vasilyevaya bir ismarıc idi – komandada yeni lider var, özü də yerli bədii gimnast, gözünü aç və dürüst ol!
Keçən il ümummilli lider Heydər Əliyevin doğum günündə, mayın 10-nunda 17 yaşını qeyd edən Jalə Piriyeva, nöqtəni elə o günlərdə, Bakıda 4-cü İslam oyunlarında komanda yarışında 1-ci yer tutmaqla qoydu. Amma nədənsə, bir müddət sonra öz «Feisbuk» səhifəsində bədii gimnastika ilə vidalaşdığını bəyan etdi. Təəssüf ki, Zeynəb Cavadlının ardından, növbəti yerli istedadı itirdik. Bu günlərdə idmançı sosial şəbəkənin canlı efirində allsport.az saytına bildirdi ki, artıq boksla məşğul olur. Öncə məsələni ciddiyə almadım. Axı kim inanar, zəriflik rəmzi olan bir növdən, kişilərə aid olan yumruq döyüşünə keçəsən. Sonra bəlli oldu ki, dünya idmanında nadir olaylardan biri baş verib. Belədə, Jaləyə ondan müsahibə götürmək istəyimi bildirdim. Razılaşdı. Görüş yeri bu günlərdə ölkə çempionatının keçirildiyi Boks Mərkəzi oldu.

– Jalə, sən bədii gimnastikada ümidverici idmançılardan sayılırdı. Üstəlik, son illərdə nəticələrin uğurlu idi. Necə oldu ki, birdən bu növü tərk etmək qərarına gəldin?
– Çoxlu zədələr almışdım. Üstəlik, baş məşqçi Mariana Vasilyeva ilə konfliktim vardı.

– Ötən il ölkə mətbuatında bolqarıstanlı mütəxəssisin əleyhinə məqalələr dərc olunmuşdu. Həmin yazılarda onun milli komanda üzvlərini döyməsi, kobud və aşağılayıcı rəftarı söylənilirdi. Sən də bu sırasındaydınmı?
– Xeyr, məndə tamam başqa məsələydi.

– Hər halda, gedişin asan olmamalıdır. Çünki Marina Durundanın Rio oyunlarından sonra karyerasını bitirməsi sənə geniş yol açımışdı. Hamı səni Tokio-2020-də göründü…
– Belə fikirləşdim və qərar verdim (gülümsəyir). Özüm, tam sərbəst. Hər zaman qərarları özüm verirəm. Tokio-2020-yə gəlincə, hökmən deyil bunu bədii gimnastika ilə edim. İndi boksla məşğulam. Çox yaxşı bir dostum var: Orxan Kazımovski. O, MMA üzrə müəllimdir. Gedib bu növlə maraqlandım. Xoşuma gəldi. Dedim, qoy özümü sınayım. Amma gördüm orda güləşmək mənə çətindir. Bu idmanla sırf  balacalıqdan məşğul olmaq lazımdır. MMA-da boks da var. Zərbələrim güclü olması bir müəllimin diqqətini çəkdi və dostumdan məni istədi. Dedi ki, məni yaxşı boksu edə bilər. Artıq 3 aydır Faiq müəllimin rəhbərliyi ilə boksdayam. Klub olaraq «Gömrükçü»dəyəm.

– Hansı çəki dərəcəsində çıxış etməyi planlaşdırırsan?
– Gənclərdə, 54 kq. Ümümən, qadın boksunda rəqabət azdır, mənə rahat olacaq. Üstəlik, bu xoşuma gəlir, məndə alınır. Deyildiyi kimi, boksda da istedadım var.

– İlk yarışın nə vaxtdır?
– Bakıda kiçik bir yarış olmalıdır. Orda iştirak ehtimalım var. Tam hazır olub-olmamağıma baxılacaq. Gələn il lisenziya xarakterli yarış olacaq. Əsas hədəf ordadır. Uğurlu çıxış etsəm, olimpiadaya vəsiqə qazanacağam.

– Bədii gimnastika zəriflik və gözəllik rəmzidir. Boksda onun itirilməsindən qorxmursan ki?
– Bəli, addımım inanılmazdır. Amma Allahın kömək ilə yaxşı nəticə versəm, onda bu, ümumiyyətlə, yanlış anlamlı, heyrətamiz olacaq (gülümsəyir).

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan