Kamran Ağayevin problemi həllini tapdı: oynayacaq!

Ötən gün Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandasının – Türkiyənin “Karşıyaka” klubunun ciddi problemlə üzləşdiyini xəbər vermişdik. Allsport.az xəbər verir ki, PTT 1-ci liqada çıxış edən klub Sosial Güvənlik Qurumundan heç bir borcunun olmamasına dair sənəd ala bilmədiyindən yeni transferlərinin sifarişinə qadağa qoyulmuşdu. Bu üzdən digər yeni futbolçular kimi, millimizin qolkiperi də komandasının bu gün baş tutacaq “Adana Dəmirspor”la oyununda meydana çıxmaya bilərdi.

Lakin Türkiyə mətbuatının verdiyi son məlumatlara görə, artıq bu problem həllini tapıb. “Karşıyaka” rəhbərliyi Türkiyə Futbol Federasiyası ilə danışıqlar apararaq, məsələnin müsbət həllinə nail olub. Nəticədə, Kamran da daxil olmaqla, bütün yeni transferlərin ilk turdan etibarən meydana çıxmasına razılıq alınıb.

Qeyd edək ki, “Karşıyaka” bu gün səfərdə “Adana Dəmirspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə gecə yarısında – saat 00:00-da start götürəcək.

Həmin kateqoriyadan