Karateçilər AGİN-də nəyi müzakirə etdi?

Milli Karate Federasiyasinın rəhbərliyi, böyüklərdən ibarət seçmə komandanın idmançı və məşqçi heyəti Gənclər və İdman Nazirliyində görüşdə olublar. Allsport.az saytı xəbər verir ki, “Qadağan olunmuş preparatlar” əleyhinə təşkil edilən görüşdə nazirliyin “Dopinqə qarşı mübarizə sektoru”-nun müdiri İradə Rüstəmzadə mövzu ilə bağlı ətraflı söhbət aparıb.

O idmançılara bir daha xatırladıb ki, istər müalicə lazım gəldiyi hallarda, istərsə də orqanizmi vitaminlərlərlə təchiz etmə dövründə mütləq məsləhətləşmə aparılmalıdır. Sektorun rəhbəri federasiyaya qadağan olunmuş preparatların siyahısını təqdim edərək, rast gəlinmə ehtimalı yüksək olan hallar barədə idmançı və məşqçiləri xəbərdar edib.

Sonda federasiya prezidenti Yaşar Bəşirov, milli komandanın baş məşqçisi Rəhman Hətəmov, həkim Pərvin Əkbərov eləcə də digər görüş iştirakçıları ətraflı məlumata görə təşəkkürlər edərək, nazirliyin “Dopinqə qarşı mübarizə sektoru” ilə daha sıx əlaqə saxlayacaqlarını bildiriblər.

Həmin kateqoriyadan