Karate komandalarımızın məşqçilər heyətində dəyişikliklər olub

Bu günMilli Karate Federasiyasında idarə heyətinin, məşqçilərin və ustalardan ibarət millinin üzvlərinin iştirakı ilə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bir neçə məsələ müzakirə olunub və müəyyən qərarlar verilib. Yığmanın məşqçilər heyətində yeni təyinatlar olub. Qərara əsasən Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini, yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.

Bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, eləcə də idarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nəaliyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib. Yığıncaqda həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək olan nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub. Sabah BƏƏ-nin Dubay şəhərində keçiriləcək olan premyer liqa1-də iştirak üçün yola düşən komanda üzvlərinə tövsiyyələr verilib və qərarlar qəbul olunub.

Həmin kateqoriyadan