Karateçilərimiz “İstanbul Open”də

Milli komanda növbəti mötəbər yarışda iştirak edəcək. 6-7 sentyabr tarixlərində Türkiyədə 9-cu “İstanbul Open” beynəlxalq turnirinə qatılmaq üçün karateçilərimiz artıq səfərdədir. Allsport.az saytı xəbər verir ki,  ustalardan ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov əsas heyətdən əlavə əvəzedici heyətin də yarışda iştirak etməsinə üstünlük verib.

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 21 nəfərlik heyətdə digər məşqçilərdən kata üzrə baş məşqçi Vahid Ayvazov, kumite üzrə baş məşqçinin köməkçisi Rəşad Hüseynov, həmçinin beynəlxalq hakimlərdən Rənad Əliyev, 13 kumite və 4 kata üzrə idmançı yer alıb.

 

Ruslan Süleymanov, Musa Səfərov və Firdovsi Fərzəliyev, Sənan Əliyev (-60 kq), Niyazi Əliyev, Rafiz Həsənov, Tural Ağalarzadə (-67 kq), Vüsal Kamallı (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq) kumite üzrə yarışlarında, Tural Balcanlı, Rafiq Əmirov, Roman Heydərov və Ədilə Qurbanova isə kata üzrə mükafatlara sahib olmağa çalışacaqlar.

 

Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Premyer Liqa turnirlərindən olan “İstanbulOpen”də 50-yədək ölkədən 500-ə yaxın idmançının mübarizə aparması gözlənilir. Karateçilər fərdi çəkilərdə 12, komanda yarışlarında isə 4 medal dəsti uğrunda tatamiyə çıxacaqlar.

Həmin kateqoriyadan