Karateçilərimiz “Lotto Dutch Open” turnirinə qatılacaqlar

Karate üzrə Azərbaycan milli komandası daha bir Premyer Liqa turnirinə yollanıb. Allsport.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) Premyer liqalar seriyasından yanvarda keçirilən “Open De Paris”dən 2 bürünc medalla dönən karateçilərimiz bu dəfə Hollandiyanın Almere şəhərində “Lotto Dutch Open”ə qatılacaqlar.

Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov kumite yarışlarında 16 idmançının iştirak etməsinə üstünlük verib. Turnirdə ölkəmizi Firdovsi Fərzəliyev, Ceyhun Mustafayev, Rüstəm Mədətov, Süleyman Hətəmov, Tural Ələkbərli, İsmayıl Quliyev, Musa Səfərov (hamısı 60 kq), Niyazi Əliyev, Rafiz Həsənov, Tural Ağalarzadə, Sənan Əliyev (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev (hər ikisi 84 kq), Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində Nuranə Əliyeva, Şəhrun Yusifova (hər ikisi 50 kq), İlahə Qasımova (55 kq) kumite yarışlarına qatılacaqlar. Kata üzrə böyük məşqçi Vahid Ayvazov iki idmançıya – Tural Balcanlı ilə Ədilə Qurbanovaya etimad göstərib.

Premyer Liqada beynəlxalq hakimlərimizdən Şahin Xudaverdiyev və Rənad Əliyev də iştirak edəcəklər.

Fevralın 12-də Hollandiyaya yola düşən heyət 5 gün sonra Bakıya qayıdacaq.

Həmin kateqoriyadan