Kazbek Tuayev: “Bakıda anadan olduğum və burada yaşadığım üçün çox xoşbəxtəm”

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AFFA-nın rəsmi saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Kazbek müəllim, 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Əhval-ruhiyyəniz necədir?
– Təbrik üçün təşəkkür edirəm. Daim ünsiyyətdə olduğum çoxlu dostlarım, tanışlarım var. Xarakter etibarilə kiminləsə problem yaşayan biri deyiləm. Bu da əhvalımın çox zaman müsbət olmasına kömək edir. Prinsipcə, hər şeydən razıyam. Xüsusilə də, Azərbaycanda, Bakıda anadan olduğum və burada yaşadığım üçün çox xoşbəxtəm. İki oğlum var. Onlar da Bakıda anadan olublar, burada ali təhsil alıblar. Lakin hazırda başqa ölkədə yaşayırlar. Gözəl ölkəmiz və şəhərimiz var. Həyat səviyyəmiz də yüksəkdir. Bütün bunlara görə ümumilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə minnətdarıq. Əgər Heydər Əliyev bizim respublikanı qurubsa, İlham Əliyev onu mirvariyə, brillianta döndərib. Belə zamanda yaşadığımız üçün çox xoşbəxtik. Əgər əvvəllər Azərbaycan haqqında çox az şey bilirdilərsə, indi hətta Bakı barədə də məlumatı olmayan şəxs yoxdur. Bu da bizim xoşbəxtliyimizdir.

– 75 yaşın “pəncərəsindən” dünya sizin gözünüzdə necə görünür?
– Əlbəttə ki, illər keçdikcə dünya da dəyişir, həyata baxış fərqli olur. 7 yaşlı nəvəm var. O, bütün məlumatları, kompüter, internet vasitəsi ilə ala bilir. Əvvəllər belə məlumatları yalnız qəzet vasitəsilə öyrənmək olurdu. İndi hamı, hətta uşaqlar da müasir texnologiyadan istifadə etməyi bacarır. Ölkəmiz belə yüksək səviyyədə inkişafı isə məni daha da sevindirir.

– Özünüzü iki-üç cümlə ilə necə xarakterizə edərdiniz?
– Özüm barədə danışmaq bir qədər çətindir. Bu barədə yalnız uzun illər mənimlə birgə çalışan insanlardan soruşmaq daha yaxşı olardı. Sadəcə, onu qeyd edə bilərəm ki, indiki dövrdə də sevimli peşəmlə, futbolla, məşqçilik işi ilə məşğul olmağımdan tam razıyam. Futbolla məşğul olan uşaqları görmək məni daha da gümrahlaşdırır. Bu cür şəraiti yaratdığı üçün Gənclər və İdman Nazirliyinin və AFFA-nın rəhbərliyinə təşəkkür edirəm.

– Həyatınızda sevincli anların sayı çox olub, yoxsa kədərli günləri daha çox xatırlayırsınız?
– Mənim kimi optimist insanın həyatında sevincli anların sayı daha çox olur. Çünki yanımda daim dostluğa sadiq, güclü xarakterə malik insanlar olub. Həmçinin qohum-əqrabamı da qeyd etməliyəm. Buna baxmayaraq, həyatda həmişə şad günlər olmur. Lakin kədərli, çətin anlarımda yaxın insanların ətrafımda olması mənə hər şeyi unutdurub.

– Şübhəsiz, bu illər ərzində çoxlu dostlar qazanmısınız. Özünüz qədər güvəndiyiniz dostlarınız varmı?
– Məncə, yaxşı dost insanın xoşbəxtliyidir. Həmişə yaxın dostlarım olub. Təəssüf ki, onların çoxu artıq dünyasını dəyişib. Sergey Kramarenko kimi yaxın dostumun həyatdan getməsinə çox üzülürəm. Həmçinin dahi insan, həmişə pərəstiş etdiyim, bütün ömrüm boyu mənə köməklik edən Ələkbər Məmmədov da həyatda yoxdur. Nəinki mən, bütün futbol ictimaiyyətimiz Ələkbər müəllimə çox şey borcludur. Belə insanlarla birgə işləməyim, onlarla dostluq etməyim məni güclü insan edib. Bundan başqa, hazırda Moskvada yaşayan, keçmiş futbolçu Yuri Kuznetsovla, eləcə də Yaşar Babayevlə dostluq edirəm. Mərhum Mübariz Zeynalovla, Adil Babayevlə də əla münasibətimiz olub. 60 ilə yaxındır tanıdığım Valeri Hacıyevi də yaddan çıxarmamalıyam. Təəssüf ki, o, hazırda bir az xəstədir.

– İstər karyeranızda, istərsə də, həyatınızda “kaş belə etməzdim” dediyiniz anlar çoxmu olub?
– Açıq deyim ki, heç vaxt belə mövqeyim olmayıb, geriyə dönüb baxmamışam. Məktəbi, institutu Azərbaycan dilində oxumuşam. Lakin azərbaycanca danışmaqda bir az çətinlik çəkirəm (gülür). Bu da o dövrdə, demək olar ki, hamının rus dilində danışması ilə əlaqədardır. Uşaqlıqdan futbola həvəsim olub. Bu sənəti seçdiyimə görə heç vaxt təəssüflənməmişəm. Həyatda qazandıqlarımı məhz futbolun sayəsində əldə etmişəm. Buna görə Allaha şükr edirəm. Ailəmdən də tam razıyam. Həyat yoldaşımla 8-ci sinifdən bir yerdə oxumuşam, eyni partada əyləşmişəm. O, mənim üçün iki oğul böyüdüb, xoşbəxtliyimiz üçün hər şey edib. Lyudmila xanımsız həyat mənim üçün çətin olardı. Ona Allahdan cansağlığı arzu edirəm. Belə həyat yoldaşım olduğu üçün bəxtim gətirib.

– Hazırkı vəziyyətdə istər futbolda, istərsə də həyatda sizi narahat edən nədir?
– Uşaqlarımın mənimlə birgə yaşamaması məni çox narahat edir. Oğlanlarımdan biri Moskvada, digəri isə Kanadada yaşayır. Şəxsi mənada, bundan başqa narahatçılığım yoxdur. Futbolumuzun isə layiq olduğu yüksək səviyyəyə çatmasını arzu edirəm.

– Gənclərə nə tövsiyə edərdiniz?
– Gənclərimizə sülh, əmin-amanlıq arzulayıram. Heç zaman müharibə olmasın. Özümə nə arzu edirəmsə, onlara bunun yüz qatını arzulayıram. Onlara düzgün, təmiz insan olmalarını, Vətəni sevmələrini tövsiyə edirəm.

Həmin kateqoriyadan