KİV nümayəndələri formula-1 Azərbaycan qran-prisinə hazırlıqla tanış olub

Formula-1 Azərbaycan qran-prisinə hazırlığa tanışlıq məqsədilə Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən KİV nümayəndələri üçün press-tur keçirilib. Allsport.az saytının məlumatına görə, əvvəlcə trekinin Niyazi küçəsinə baxış olub. BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il olduğu kimi, bu il də qəmbər daşları ilə örtülü bu yol asfaltlanacaq. Asfaltlanma işləri təxminən beş gün ərzində aparılacaq. Burada hərəkətin intensivliyi nəzərə alınaraq işlər əsasən həftə sonları, gecə və gündüz görüləcək. Bu işlər mayın sonunadək yekunlaşdırılacaq.

Sonra KİV nümayəndələri trekin ən çox çətinliyə malik Qoşa Qala qapıları hissəsi ilə tanış olublar. Tom Butçer bildirib ki, bu hissədə təhlükəsizlik tədbirləri daha da artırılacaq. Bu il bolidlərin əvvəlki yarışlardakına nisbətən daha böyük və sürətli olmasına baxmayaraq, pilotların təcrübəsi bu hissəni uğurla keçməyə imkan yaradacaq. Hökumət evinin qarşısında yerləşən Paddok ərazisi ilə də tanış olublar. Mütəxəssis burada görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, burada yarışa nəzarət qülləsi, komandaların qarajları və pit binasının tikintisi aparılır.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu il Azərbaycan qran-prisinin təşkilatçılığı üçün cəlb edilən şirkətlərin 80 faizi yerli, qalanları isə xarici şirkətlərdir. Bu meyili qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, gələcək illərdə bütün bu işləri yerli şirkətlər görəcək. Formula-1 Azərbaycan qran-prisi iyunun 23-25-də keçiriləcək.

Həmin kateqoriyadan