FOTO
Klublarımızın mətbuat xidməti əməkdaşları üçün seminar

“Bakcell Arena”da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Allsport.az xəbər verir ki, UEFA-nın mətbuat üzrə nümayəndəsi Yuliya Zinkoviçin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib.

Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.

Yuliya Zinkoviç əsasən UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının seçmə mərhələsinin oyunlarında mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr və jurnalistlərin fəaliyyəti barədə danışıb, mövzu ilə bağlı videoçarxlar və fotolar nümayiş etdirilib.

Seminar iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və “Qarabağ” klubunda eyni vəzifədə çalışan Nurlan İbrahimov UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlarda mətbuatın fəaliyyəti üçün görülən təşkilati işlərlə bağlı təcrübələrini bölüşüblər.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan