Komandamız Çində itki ilə üzləşdi

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirakını davam etdirir. Allsport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın 188 km-lik 2-ci mərhələsi komandamız üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, Samir Cəbrayılov və Aleksandr Surutkoviç 2 dəfə onlardan öndə baş verən toqquşmadan qaça bilməyiblər. İlk epizodda velosipedçilərimiz mübarizəni davam etdirə bilsələr də, 2-ci toqquşma zamanı Aleksandr Surutkoviçin sağ qolu sınıb və o Çin turnirində iştirakını yarımçıq dayandırıb.

Digər velosipedçilərimizin çıxışına gəlincə, onların hamısı məsafəni mərhələ qalibi, Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kumpla eyni vaxtda keçən pelotonun içərisində olublar – 4 saat, 26 dəqiqə, 27 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur – 12-ci yer. Maksim Averin 25-ci, Matey Müqerli 35-ci, Elçin Əsədov isə 37-ci olub.

2 mərhələdən sonra “Synergy Baku” komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir. Sabah iştirakçılar Sinin şəhərindən Qinkaya qədər olan dağlıq yollarla 148 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

Həmin kateqoriyadan