Komandamız fasiləyə 6-cı yerdə yollandı

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirakını davam etdirir. Allsport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın ötən gün keçirilən 9-cu mərhələsində iştirakçılar 203 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibi, Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kumpla eyni vaxtda – 4 saat, 36 dəqiqə, 31 saniyəyə keçib. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur – 6-ci yer. Maksim Averin 8-ci, Matey Müqerli isə 20-ci yeri tutub. 9 mərhələdən sonra ümumi təsnifatda komanda üzvlərimizdən ən öndə olanı Matey Müqerlidir – 9-cu yerdə olan təmsilçimiz liderə 3 dəqiqə, 34 saniyə uduzur.

9 mərhələdən sonra komanda hesabında “Synergy Baku” 6-cı pillədəki mövqeyində qalır. İyulun 14-də yarışda istirahət günüdür. İyulun 15-də keçiriləcək 10-cu mərhələdə isə velosipedçilər Tyanşuy şəhərinin küçələri boyunca 100 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

Həmin kateqoriyadan