Kuznetsov: “Azərbaycan bu hesabla uduzmağa layiq deyildi”

Ukrayna millisinin baş məşqçisi Oleq Kuznetsov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyundan sonra fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 4:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:

“Belə turnirlərdə ilk oyun hər zaman çətin keçir. Çünki rəqibinin necə oynayacağını bilmirsən. Xüsusilə, birinci oyunda meydan sahibi ilə qarşılaşmaq ikiqat çətin olur. 4:0 hesabı ilə qalib gəlsək də, oyunumuzdan razı qalmadım. Birinci hissədə futbolçular həyəcanlı idi. Açığı, Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi. Nəticə oyuna görə olmadı. Sadəcə, rəqibimiz birinci qolu buraxdıqdan sonra hücuma çox aludə olduğundan, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etdik. İndidən hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq mümkün deyil. Məğlub olmasına baxmayaraq, Azərbaycan millisinin də elit-raunda yüksəlmək şansı var”.

Həmin kateqoriyadan