“Lans”ın ətrafında söz-söhbət bitdi: 11 milyon avro ödənildi

Nəhayət ki, “Lans”ın ətrafında yaranan söz-söhbət dünən bitib. Allsport.az saytının məlumatına görə, Hafiz Məmmədov Fransa klubu ilə bağlı bütün problemlərin öhdəsindən gəlib.

Liqa 1-də mübarizə aparan “Land of fire Azerbaijan” formalı komanda daha uzun illər ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə xidmət edəcək. Sportinfo.az xəbər verir ki, tanınmış iş adamı 11 milyon avronu “Lans”ın hesabına köçürüb. Beləliklə, klubun 100 faizlik səhmlər paketini alıb.

O, bunadək 60 faiz paya malik idi, bütün borcları bağlamaqla həm yeganə səhmdara çevrilib, həm də Fransada Peşəkar Futbol Klublarına Nəzarət Komissiyasının tələblərini artıqlamasıyla yerinə yetirib.

Xatırladaq ki, bu ayın əvvəlində Parisdə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov firəng həmkarlarımıza açıqlamasında, Azərbaycan hökumətinin bu işdə Hafiz Məmmədov kömək edəcəyini bildirmişdi. Demək, tezliklə yüksək səviyyədə dəstək verilib və artıq “Lans”ın ətrafında söz-söhbət qapanıb.

Həmin kateqoriyadan