Batı YAR
Lap elə hakimin siz…, amma haqqını da verin

Sevinin, kədərlənin, deyinin, fikir yürüdün, iddia edin. İstəsəniz lap elə hakimi söyün, lənətləyin, murdarlayın, ora-burasını, əsil-nəcabətini, əqrabasını, ən yaxınlarını yağlayın, şəklini qoyub zad edin.

Hamısı qəbuldur.
Sevinin ki, axır, bir Azərbaycan klubu bu qədərlik həsrətdən sonra azarkeşlərə, futbol xəstələrinə, futbol sevdalılarına, futbol leylaclarına, futbolla yatıb-duranlara bəlkə də bir ömürlük payız xatirəsi bəxş etdi. Sevinin ki, bunu məhz bağrı qara Qarabağımızın «Qarabağ»ı etdi. Sevinin ki, buna bir Azərbaycan məşqçisi ilə çatdı. Sevinin ki, bu heyətdə Azərbaycan futbolçuları heç də sonuncu rollarda olmadılar. Sevinin ki, futbollu yazı görməsək də, «Qarabağ»ın bu xəyalla yaşatdıqları oldu. Sevinin ki, buna həqiqətən, səmimi qəlbdən inananlar var idi.
Kədərlənin ki, qələbə lazım olduğu halda, meydanda qələbə üçün oynaya biləcək, buna gücü çatacaq komandamız olmadı. Kədərlənin ki, meydanda oyun, hücum qura biləcək, rəqibə dişini qıcayacaq komanda görə bilmədik. Kədərlənin ki, futbolçularımız belə bir ab-havaya o qədər hazırlıqsızdırlar ki, elə isinmə məşqində, oyunun lap əvvəlində birdən nə qədər böyüyüb qəfil nə ilə üz-üzə olduqlarını anlamayıb, çaşan, büdrəyən, sonra isə hücum etmək istəyi ilə yanıb alışan, amma çarəsizlikdən bir şey edə bilməyən, qələbənin necə qazanılmalı olduğunu anlamayan bir komandanız var idi. Kədərlənin ki, heyətdə, heç olmazsa, bir orta Avropa səviyyəli əcnəbi futbolçu olmadı ki, komandaya erkəclik edib onu irəli aparsın. Kədərlənin ki, 5 oyun dalbadal heç-heçə edən «Sent-Etyenn» cəmi bir matçda büdrədi və o da sizə lazım olanında. Kədərlənin ki, «Qarabağ» növbəti mərhələyə çıxan «Dnipro»dan heç də az layiqli deyildi.

Hər ikisinə də haqqı çatır azarkeşin. Haqq etdi o bunu. Bu matç hələ çox dillərdə qalacaq, hələ çox dillərə dastan olacaq. Azarkeş ürəyinin sözü, sevgisi ilə parklarda, çöllərdə, dəniz. çay, göl kənarında, bulaq başında, məclislərdə, çayxanalarda, qəhvəxanalarda, alili ortalı məktəb otaqlarında, idarə, təşkilat, şirkət və müəssisə dəhlizlərində, zavod və fabrik sexlərində, metroda, avtobusda – orada-burada, bir sözlə, fürsət düşən hər yerdə.

Amma bütün söhbətlərin bir qəhrəmanı olacaq: hakim, zalımi-mütləq. Onu söyəcəklər, onu yağlayacaqlar, ondan şikayət edəcəklər. Onun satıldığını iddia edənlər də olacaq; mafiyanın «Qarabağ»ı qalib gəlməyə qoymadığı kimi böyük siyasi iddialara girənlər də. Bu işdə erməni əlini, düşmən lobbisinin barmağının izini görənlər də olacaq, ermənipərəst fransızların ukraynalılara qəsdən hay lobiisinin təsiri ilə uduzduğu fikrini irəli sürənlər də. Hələ çox söz deyənlər olacaq.

Hamısının da öz mütləq həqiqəti olacaq – Qarabağ nisgilindən doğan «Qarabağ» sevgisinin hökmüdür bu; futbolumuzun, bu ölkədə nömrəsi bir olub, heç vaxt da özü birinci olmayan və olmayacaq  bir idman növündə qələbə həsrətində zorlanan ümid çırpıntısının son nəfəsidir bu. Bu qələbə Azərbaycana sonsuz futbol səhrasında ilğımının bir anlıq vahə xoşbəxtliyini bəxş edən damladır. Dodaqlar həsrətdən quruyub yansa da, bunu hiss etməyəcək və son sevgisi ilə inamını yşadacaq azarkeş üçün virtual səadət yuxusudur.
Hakim, hakim, kənar əl, kənar barmaq qoymadı (burada bir uzun düüüüüt yeridir lap – təki ürəyin soyusun sənin, əbədiyyətə qədər səmimiyyətini itirməyən sadədil və sadəlövh azarkeş).
Söyüşün hər birini bir qəpiklik edin və söyün, söyün, istədiyiniz qədər, söyün doyana qədər, söyülməyi haqq etdi, söyülməyi qazandı, bütün varlığı, bütün vücudu, lazım gəlsə, bütün əsli nəcabəti ilə.

O zalımın adını da unutma Miroslav Zelinka. Çexiyadandır.

Hə, lap yerinə düşdü. Ona lap elə ANDZULİS deyin. ANDZULİS azdır, ANDZULİS OĞLU ANDZULİS deyin ona. Hə, təzə nəsil, lap elə mənim kimi ortalanmış nəsil də görməyib, amma dillərdən dilə keçə-keçə, xüsusiliyini itirib ümumiləşən Andzulis söyüşünü əzbərlədiyi kimi, birini təhqir edəndə, “Andzulis” dediyi kimi, siz də bundan sonra qatı düşməninizə “Zelinka” deyin. “Mir”indən ayıb olsa da, bir az da biədəb kimi səslənən “oslav”ına görə, lap elə “Miroslav” da deyin.
Deyin, deyin, bir daha deyin. Çünki sizə qalan, sizi qoruyan, sizi boşaldan, sizi sakitləşdirən, sizi ram edən, sizə həyat verən, ömrünüzə ömür qatan bu söyüşlər olacaq.

Siz vaxt qazanacaqsınız, növbəti belə macərəya qədər yaşamaq üçün bu oyun təəssüratlarını çeynəcəksiniz. Futbolbazlar, futbolmenlər, futbolçular, futbollular, futbolitslər, futbolerlər, yəni, futbolla məşğul olan hər kəs də sizin kimi, əslində, sizdən də çox vaxt da qazanacaq, hələ başqa şeylər də əldə edəcək. Axı, sizin ilğım vahəniz onların eldorado eyforiyasına aparan ən qısa yoldur.

Hər nə olsa da. etiraf edin, hisslər burulğanındasınız, sanki bir sel qatıb sizi qabağına aparır. Hirsiniz, hətta hakimi yağlayan dilinizlə yanaşı, nədənsə ürəkdən kədərlənə bilməyən çöhrənizi hopan göz yaşlarınız nə qədər səmimi olsa da, kədər üzüntüsünə bürünməyib nədənsə. Əlbəttə , sevincdən, xoşbəxtlikdən də göylərdə üçmursunuz.

İkili hisslər içindəsiniz. Nə qəribə hisslərdir, deyilmi?

Çünki mərhələ keçməyə də, keçməməyə də layiqli «Qarabağ»ımız var idi.
Amma hər şeydən əvvəl el dili ilə bəh-bəhlə söyün, əsl tərəkəmə kimi cəh-cəhlə yağlayın, qoca şəsti ilə lənətləyin, qarı nənələrimizin qarğışı ilə qarğayın hakimə.
Amma… Ədalətli olun. Yazıqdır, haqqını da verin. Axı, məhz onun sayəsində bu oyundan bir ömürlük xatirə apardınız. Artıq istəsəniz də, istəməsəniz də, dərindən nə sevinəcək, nə kədərlənəcəksiniz. Onunla təsəlli tapın ki, bu idmandır, bu futbodur. Uzun illərdən bəri görmdəyiniz, yaşamadığınız hissləri alıb apardınız bu oyundan. İdman burada öz vəzifəsini tam yerinə yetirmiş oldu.

Ayıldınızsa, indi isə baxın, baxın, diqqətlə baxın, axı həqiqətən də «Qarabağ»ın bu vidasına üzülmürsünüz. Məgər elə deyil?
Bəlkə bir az dərindən düşünək.

Bəlkə başqa həqiqətlər də var.
Bilsəniz, Sizlər kimi nə qədər sevinmək, nə qədər kədərlənmək istərdim, nə qədər hakimi söymək istərdim.
Amma bir məsələ imkan vermir…

Həmin kateqoriyadan