Məcburi köçkün uşaqlar üçün “Sülh naminə yarış”

Bu gün SOCAR Azərbaycan qran-prisi çərçivəsində xarici işlər nazirliyi, Bakı Şəhər Halqası əməliyyat şirkəti və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ictimai birliyinin birgə təşkilatçılığı ilə “Sülh naminə yarış şüarı ilə məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu ilə, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, uşaqlar böyük həvəslə mükafat yarışına hazırlığı ilə tanış olub, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar Formula1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə edib və onlarda avtoidman sahəsinə xüsusi maraq yaradılıb.

İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək bu aksiyanın Azərbaycanın BMT-nin “Sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildirib.

Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “Sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini bildirərək korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirib. Tədbirin sonunda BŞH tərəfindən uşaqlara Formula1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilib.

Həmin kateqoriyadan