Məhəmmədrəsul Məcidov London Olimpiadasında məğlub etdiyi rəqibə qarşı

Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. Allsport.az xəbər verir ki, ilk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaq.

İkiqat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə Məhəmməd Ömərovla üz-üzə gələcək. Rusiyali boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub.

Qeyd edək ki, bu, gecənin 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London Olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən dünya çempionatının 1/4 finalında da Rusiya təmsilçisindən üstün olmuşdu.
Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui qarşılaşacaq.

Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə litvalı Eimantas Stanionislə görüşəcək. APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçumuzun hələ Rio Olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə əldə edən boksçular qalib gələrək, Olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya Olimpiadasına lisenziyanın sahibi olacaq.

Həmin kateqoriyadan