Məhəmməd Əliömərov: Bəzi aparıcı güləçilərimiz formada deyildilər

“Gənclər böyüklərin arxasınca inamla irəliləyirlər, onlara güclü müqavimət göstərirlər”

Bu günlərdə “Sərhədçi” Olimpiya İdman Mərkəzində usta güləşçilər arasında ölkə çempionatı keçirildi. 3 günlük gərgin rəqabətdə çempionluğa iddialı bahadırlar özlərini yenə doğrultdular. Yarışdan sonra AGF-in sərbəst güləş üzrə vitse-prezidenti Məhəmməd Əliömərov allsport.az saytına müsahibə verdi. Əməkdaşımızla söhbətdə, dağıstanlı mütəxəssis pəhləvanlarımızın çıxışını dəyərləndirdi, gələn mövsümün planlardan danışdı:

– Bu Azərbaycan çempionatı da yüksək səviyyədə keçdi. Özünüz şahidi oldunuz ki, yarışda necə gərgin rəqabət vardı. Gənclər böyüklərin arxasınca inamla irəliləyirlər, onlara güclü müqavimət göstərirlər. Milli komandanın bəzi «birirci nömrələr»i lazımi formada deyildilər. Hətta bəziləri özlərindən zəif güləşçilərə uduzdular.

– Konkret ad açıqlaya bilərsinizmi?
– Misal üçün 61 kq-da Əhmədnəbi Qvarzatilov və 86 kq-da Həmzət Osmanovun adlarını çəkə bilərəm. Onlar yetərincə formada deyildilər. Baxmayaraq ki, ölkə daxili rəqabət Avropa və dünya çempionatı kimi böyük yarışlara əsas hazırlıq mərhələsi sayılmır. Bu, yeni mövsümün startına girişdir.

– Hər halda, nəticələrə nəzər yetirdikdə, görürük ki, əksər faforitlər özləniri doğrultdular.
– Hetaq Qazyumov, Camaləddin Məhəmmədov möhtəşəm çıxış etdilər. Favoritlər baxımlı güləş nümayiş etdirdilər. Əminəm ki, onlar ilk Avropa Oyunlarına qədər yüksək hazırlıq mərhələsində olacaqlar.

– Avropa çempionlarımızın indiki duruqu maraqlıdır. 2010-cu ilin qalibi Mahmud Məhəmmədov birincilik mübarizəsində yenə yerli pəhləvan Yaşar Əliyevə uduzdu.
– Mahmud Məhəmmədov hələ lazımi formaya gəlib çatmayıb. O, ay yarımdır məşqlərə başlayıb. Hazırlığını davam etdirsə, o da gərgin rəqabətdə öz yerini alacaq.
Yaşar parlaq mübarizə aparıdı, yaxşı dözümlülük göstərdi. Taktikada hamını üstələdi. Ondan çox razı qaldım. Cəbrayıl Həsənov formaya düşür. O da yaxşı güləşdi. Finalda Əşrəf Əliyev ona heç bir göstəricidə geri qalmadı. Bərabər və maraqlı mübarizə oldu.

– Gələn mövsüm güləşçilərimizin ilk beynəlxalq yarışı hansı olacaq?
Yanvarın 30-da Fransada Dünya Güləş Birliyinin «Qızıl qran-pri» seriyasında olan turnirə çıxacağıq. Bütün uşaqlar qələbəyə kökləniblər. Martda milli komandanı Minskdə Aleksandr Medvedin şərəfinə keçiriləcək ənənəvi turnir gözləyir.

– Bəs sonra?
– İlk böyük yarışımız 25-27 martda Las-Veqasda təşkil olunacaq dünya kubokudur. Bundan sonra bir neçə təlim-məşq toplanışı nəzərdə tutulub. Sonra ilk Avropa Oyunları və dünya çempionatı gəlir. Buna görə, bütün idmançılarımız eyni zamanda yüksək hazırlıq formasında ola bilməzlər. Mən görürəm, rəqabət var, uduzanlar evdə oturub bundan nəticə çıxarırlar. İnşallah, əminəm ki, dünya kubokuna qədər güləşçilərimizi lazımi hazırlıq səviyyəsinə gətirəcəyik.

– Güləş federasiyasına bundan sonra da uğurlar arzulayırıq.
– Təşəkkür edirəm, qarşılıqlıdır.

Həmin kateqoriyadan