Məhəmmədrəsul bundan sonra “Baku Fires”də çıxış etməyəcək

Bu gün Quba Olimpiya Kompleksində Dünya Boks Seriyasının (WSB) qrup mərhələsinin 3-cü turu çərçivəsində “Baku Fires” – “Astana Arlans” görüşü ərəfəsində mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, “Astana Arlans” klubunun baş meneceri Serik Saypiyev ölkəmizə gəldikləri üçün şad olduqlarını bildirib:

“Bu Azərbaycana ilk səfərim deyil. Optimal heyətlə Qubaya gəlmişik. Klubumuzda böyük dəyişikliklər oldu. Amma komanda əvvəlki gücündə qalır. Hər matçda qalib gəlmək istəyirik”.

“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev yenidən əsas rəqibləri ilə görüşəcəklərini deyib: “Hazırda “Astana Arlans”a ötənlərin məhşur boksçusu Olimpiya və 2 qad dünya çempionu Serik Saypiyev rəhbərlik edir. O, uzun illər bu klubda çalışmış dostum Bolat Mankenovun yolunu davam etdirir. Sabah çox maraqlı döyüş olacaq. Bütün azarkeşləri bu döyüşlərə dəvət edirik”.

Gənciyev Xaybulla Musalovun klubdan ayrılması məsələsinə aydınlıq gətirib: “Musalov bizdə 75 kq çəki dərəcəsində birinci nömrə deyildi. Həmin çəkidə Nikolay Veselov lider sayılır. Biz onu saxlamaq istəyirdik. Amma görünür, Musalov üçüncü nömrə olmaq istəmədi. Bizim üçüncü nömrə Azərbaycan çempiontında qalib gəldi. Bu klubdakı rəqabəti göstərir”.

“Baku Fires” klubunun baş meneceri 91 kq çəki dərəcəsində olan çətinlikdən də danışıb: “Bu çəkidə belaruslu Çernobayevi sifariş etməyə vaxtımız olmadı. Belədə gənc Rahil Məmmədli bizə kömək edəcək. Bu onun liqada ilk görüşüdür. Ancaq onun mərdliyini alqışlayıram. O, Macarıstana turnirə getməli idi. Bizi çətin vəziyyətə salmadı və sağ olsun, köməyə gəldi”.

İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bundan sonra “Baku Fires” klubunun şərəfini qorumayacaq. Bu haqada mətbuat konfransında Rizvan Gənciyev məlumat verib: “Bilmirəm Məcidov niyə klubumuzu tərk etdi. Halbuki o, “Baku Fires”in hesabına tanınmışdı. Məcidov bundan sonra “Gilan” klubunun şərəfini qoruyacaq. Bundan sonra ona uğurlar arzu edirəm. Onun APB-dəki görüşünə gəlincə, şəxsi məşqçisi var, qoy o, fikir bildirsin”.

“Baku Fires”in baş meneceri WSB liqasında gələcəkdə qadın boksçuların da iştirak etmək məsələsinə də toxunub: “Noyabrda Koreyada keçirilən konqresdə bu məsələ təklif olundu. Amma bu, bir günün işi deyil. Gələn ayın 3-də Lozannada WSB komisiyasının növbəti toplantısı keçiriləcək. Orda sözügedən məsələ müzakirə olunacaq. Bu Beynəlxalq Olimpiya Komitəsinin tələbidir ki, qadın boksunda idmançıların sayı artırılsın. Onlar istəyir ki, 60 kq çəki dərcəsində qadın boksçular da WSB liqasında təmsil olunsunlar. Amma bu gələn mövsümün işidir”.

“Baku Fires” – “Astana Arlans”

49 kq. Rəsul Saliyev – Temirtas Jusupov
56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov
64 kq. Heybətulla Hacəliyev – Asxat Ualixanov
75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov
91 kq. Rahil Məmmədli – Vasili Levit

Həmin kateqoriyadan