“Məktəbli kuboku” keçiriləcək

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası “Məktəbli Kuboku” layihəsinin icrasına başlayır.

Allsport.az xəbər verir ki, Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə əldə olunmuş razılığa əsasən, dekabrın 15-də Veloparkda Nərimanov rayonunun məktəbliləri arasında velosiped yarışı keçiriləcək.

Saat 11:00-da start götürəcək yarışda komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olacaq. İştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediləcək. Ümumilikdə 20-dən artıq komandanın iştirak edəcəyi yarışda ilk 3 yeri tutacaq kollektivlər federasiya tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediləcəklər.

Qeyd edək ki, Nərimanov rayonu məktəbliləri arasında keçiriləcək bu yarış pilot layihədir və lazımi nəticə əldə olunacağı təqdirdə, ümumrespublika “Məktəbli kuboku”nun təşkili də nəzərdə tutulur.

Həmin kateqoriyadan